2-ci “Bakı Elektron Ticarət Forumu” işə başladı

2-ci “Bakı Elektron Ticarət Forumu” işə başladı
Oxunma sayı: 561

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində  ikigünlük 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” işə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Avropa Birliyinin təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühitin mövcud olduğunu, tələbələrdən tutmuş,  pensiyaçılara qədər hər kəsin  bir və ya bir neçə bank kartının olduğunu qeyd edib. “İnternet bankçılıq inkişaf  edir, logistika sahəsində bir çox dövlət və  özəl şirkətlər fəaliyyət göstərir. Bunun nəticəsi olaraq elektron ticarət  çoxlu sayda saytlar və platformalar vasitəsilə  ölkədə müxtəlif məhsul və xidmətləri təklif edir. Turizm xidmətləri, bilet və hotel sifarişləri, informasiya texnologiyaları, geyim, qida  məhsullarının elektron ticarət vasitəsilə satışında  irəliləyişlər qeydə alınır. Ümumilikdə, ölkəmizdə  elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz əsasən tanınmış  xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir”, – deyə nazir bildirib. 

Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib.

 “Hökumət və hökumətlərarası yanaşmada elektron ticarətin tənzimləmə siyasəti” adlı sessiyada milli strategiyalar, elektron ticarətin asanlaşdırılması, elektron idarəetmənin təsiri və beynəlxalq əməkdaşlıq müzakirə olunub.

“Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” sessiyası kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn mövzularını əhatə edib.

Saxtakarlıqdan qorunma, kriptovalyuta, bank köçürmələri, elektron cüzdan məsələləri isə “Onlayn ödəmə sistemləri və rəqəmsal həllər” sessiyasının müzakirə mövzuları olub.

“Ağıllı sərhədlər: ticarət,  turizm və logistika üçün imkanlar” sessiyasında logistika və ticarət siyasəti, rəqəmsal nəqliyyat dəhlizləri,  gömrük məsələləri üzrə təcrübə mübadiləsi aparılıb.

Forumun ikinci günündə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların qorunması, marketinq davranışı və tendensiyaları üzrə təlimlər təşkil olunacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi