Dünən axşam saatlarında Şəmkirdə 2 nəfərin ölümü, daha 1 şəxsin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törədən 99 JT 341 dövlət qeydiyyat nişanlı “Ford Cargo” markalı yük maşını Türkiyənin “Bayburt Group” AŞ şirkətinə məxsus olub. 1990-cı il təvəllüdlü Tural Cəfərovun idarə etdiyi ağırtonnajlı yük avtomobili “Kraz yolu” adlanan ərazidə hərəkətdə olarkən əyləc sistemində olan texniki nasazlıq səbəbindən idarəetmədən çıxıb.
Nəticədə Türkiyə şirkətinə məxsus yük maşını eyni istiqamətdə hərəkətdə olan Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Elsevər Muxdarovun sürdüyü 99 JT 915 dövlət qeydiyyat nişanlı digər yük avtomobili ilə toqquşub. Zərbənin gücündən hər iki yük maşını yoldan çıxaraq aşıb. Nəticədə E. Muxdarov və sərnişini, 1977-ci il təvəllüdlü Asif Əliyev həyatını itirib. Hadisəni törədən yük maşınının sürücüsü Tural Cəfərov isə yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanıb, araşdırmalar davam etdirilir.
Nizam Rza

Son xəbərlər
Son Xəbərlər