Ölkəmizdə aparılan islahatların, xüsusilə də qanunsuz fəaliyyətlə və dövlət büdcəsinin talanması ilə məşğul olan şəxslərlə mübarizə prosesinin gücləndirilməsi məqamında sosial şəbəkələrdə bəzi əsassız fikirlərin şahidi oluruq. Bu fikir sahibləri mövcud problemin həlli ilə bağlı müxtəlif mülahizələr irəli sürürlər. Biriləri yazır icra hakimiyyəti başçısı vəzifələri ləğv olunsun, digərləri qeyd edir ki, ümumiyyətlə rayonlar ləğv olunsun, başqa biriləri isə deyir ki, bütün başçılar bir gündə həbs olunsun.
Ancaq əslində bu heç də belə deyil! Hazırki məqamda problemin həlli icra hakimiyyəti başçısı vəzifələrinin və rayonların ləğv edilməsilə, hətta bütün başçıların da həbs olunması ilə mümkün deyil. Bu rüşvət bir virusdur, onu köklü olaraq müalicə etmək gərəkdir. Bu gün bütün dünyanı cənginə alan koronavirus pandemiyasından da məlum oldu ki, virusun yayılmasının qarşısını almaqla, virusu təmizləmək fərqli proseslərdir. Virusu tam təmizləmək üçün onun qida mənbəyini kəsmək lazımdır. Rüşvət və korrupsiya epidemiyasının da qida mənbəyi verilən rüşvətdir. Təsadüfi deyil ki, cinayət qanunvericiliyində də rüşvətxorluq anlayışının iki növü fərqləndirilir: aktiv rüşvətxorluq (rüşvəti verən) və passiv rüşvətxorluq (rüşvəti alan), hər ikisinə görə də ciddi cəza tədbirləri nəzərdə tutulur. Bu səbəbdən də biz cəmiyyət olaraq, təfəkkürümüzdə sistemli şəkildə dəyişiklik etmək zorundayıq. Bunu da, rüşvət alanları nə qədər qınayırıqsa, verənləri də bir o qədər qınaq obyektinə çevirməklə başlamalıyıq. Rüşvətlə düzəltmək istədiyimiz şəxsi problemlərimizin düzəlməsindən hər birimiz ən az bircə dəfə imtina etsək bu məsələdə cəmiyyət olaraq çox böyük uğur qazana və dövlətimizin hazırda bu sahədə yürütdüyü siyasətə böyük töhfə verə bilərik. Bir sözlə, gəlin cinayət törədərək rüşvət verməklə, digər şəxslərin də, cinayət törətməsinə - rüşvət almasına şərait yaratmayaq.
Çünki biz cəmiyyət olaraq bu məsələdə dövlətin yanında olmasaq və ictimai nəzarət prosesini gücləndirməsək təkcə dövlətin bu sahədə gördüyü tədbirlərlə tam uğur əldə etmək mümkünsüz görünür. Bir çox dövlət qurumları dövlətin bu siyasətinə tam şəkildə dəstəklərini nümayiş etdirməkdədirlər. Ancaq, bu prosesə maraqlı münasibət sərgiləyənlər də vardır. Ən təəccüblüsü və maraqlısı odur ki, 10 il, 20 il bir sahəyə rəhbərlik edənlər çıxıb bəh-bəhlə həmin sahədə keçirilən islahatlardan və bu islahatların həyati zəruriliyindən danışırlar. Bunlar ya islahat (yaxşılaşdırmaq üçün köklü dəyişiklik etmək) sözünün mənasını anlamır, ya da anlamaq istəmir ki, keçirilən həmin islahatlar onları və onların elədiklərini kökündən dəyişməyi nəzərdə tutur.
Son olaraq qeyd edim ki, Azərbaycan dövlətinin ən ali rəhbərliyi səviyyəsində bu prosesə qiymət dövlət başçısı tərəfindən atılan addımlarda, görülən tədbirlərdə və edilən çıxışlarda daim açıq şəkildə özünü göstərməkdədir. Bu çıxışlardan birini də, Prezident 13 may tarixində yeni təyin etdiyi icra başçısını onlayn formatda qəbulu edərkən etdi. O çıxışdan bəzi mühüm sitatlara toxunmaq tam yerinə düşərdi: “Xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Hər addım cinayət, hər addım rüşvət! Buna son qoyulacaq. Heç kimdə şübhə olmasın. Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm”.
Siyasi şərhçi Xəyal Bəşirov