20 ölkənin iştirak etdiyi müsabiqə başa çatdı

20-olkenin-istirak-etdiyi-musabiqe-basa-catdi
Oxunma sayı: 934

Fransa və İsveçrədə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq müsabiqə başa çatıb

“Qafqazinfo” xəbər veir ki, Fransanın Annemas və İsveçrənin Cenevrə şəhərlərində Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsi keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş builki müsabiqədə qaliblərə Heydər Əliyev mükafatı da təqdim edilib.

Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsində ABŞ, Yaponiya, Azərbaycan, İndoneziya, Çin, Rusiya və Avropa ölkələri də daxil olmaqla 20 ölkədən 325 namizəd iştirak edib.

Dörd gün davam edən müsabiqənin açılışında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakçılara ünvanlanmış təbrik məktubu səsləndirilib. Beynəlxalq festival Fransa və İsveçrə mediasında geniş işıqlandırılıb və musiqi ictimaiyyətinin diqqətini cəlb edib.

Azərbaycanın əməkdar artisti Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. 25 ildən çoxdur ki, Fransada yaşayan Adilə Əliyeva 50-dən artıq ölkənin konsert salonlarında çıxış edib, 30-dan çox kompakt-disk ərsəyə gətirib.