Qəhrəmanım 70 yaşlarında bir qadındır. Üzücü, insan qulaq asdığı zaman tükləri biz-biz olan bir hekayəsi var onun. Təklik içindəki səfaləti, onu dilənməyə məcbur edir. Öncə qəhrəmanımla tanışlığımdan yazım.
Mənim üçün adi bir gün idi. Redaksiyadan çıxıb, çəkiliş üçün şəhərə getdim. İşimi bitirib evə doğru yollandım. Mərkəzi Univermağın yanındakı pilləkənlərlə üzü yuxarıya doğru qalxırdım. Birdən sol tərəfdə, səkinin üzərində əyləşmiş 70 yaşlarında bir qadın mənə səsləndi: “Oğul, sənə qurban olum. Mənə çörək pulu ver”. Bu kimi sözləri Bakıda hər gün eşidirik. Amma bu dəfəki başqa idi. Səsindəki utanma hissi məni saxladı. Əlimi cibimə atıb, 20 qəpik pul çıxardım. Yaxınlaşıb pulu vermək istəyəndə, bu yaşlı nənəni xatırladım.
Bu ikinci görüşümüz idi
Aylar öncə bu nənəni indiki yerdə oturan zaman görmüşdüm və fotosunu çəkmişdim. O zaman yaşlı nənənin fotosunu çəkməyə məni vadar edən şey onun bu yaşda dilənməsi idi. Çünki nənənin dilənən yox, nəvə saxlayıb, onlarla oynayan vaxtı idi. O isə gecənin qaranlıq saaatlarında küçədə dilənməyə məcbur idi. Amma nə edək ki, bu nə ilkdir, nə də son.
Qəhrəmanımın yanında əyləşdim. Bircə sualım var idi ona. Nədir onu dilənməyə vadar edən? Cavab isə çox ağır idi. Sahibsizlik, diqqətsizlik, baxımsızlıq, qayğısızlıq, övlad acısı, dövlət qayğısızlığı və s.
- Nənəcan, əgər məndən inciməsən, səndən söz soruşacam.
- İncimərəm, bala, soruş.
- Səni dilənməyə nə və ya kim vadar edir?
- Başqa yolum yoxdur. 60 manat pul alıram. Onunla dolanmaq olmur axı bala.
- Ailən, övladın, yaxınların yoxdurmu?
- Heç kimim yoxdur. Bircə oğlum var idi.
- Niyə var idi? Nə olub oğluna?
- 7 il bundan qabaq toyu olacaqdı. Sevin-sevinə toya hazırlaşırdıq. Amma oğlum toyunu görmədi (göz yaşlarını saxlaya bilmir). Toyundan 3 gün əvvəl dünyasını dəyişdi. Qohumlarım məni atdılar bayıra. Heç kəs baxmadı mənə.
Bu sözləri eşitdikdən sonra oğlunun dünyasını dəyişmə səbəbini belə soruşa bilmədim.
- Bəs harada yaşayırsan?
- Xırdalanda balaca evim var. Orada qalıram.
- Çətin deyilmi?
- Çətindir. Çox çətindir. Utanıram.
- Nədən utanırsan?
- Hər kəsdən. Hər gün Xırdalandan durub gəlirəm bura. Gecə gəlirəm ki, heç kəs tanımasın. Qaranlıqda otururam. Mümkün qədər üzümü bağlayıram. Utanıram insanlardan. Mənim nə günahım var idi ki, ahıl yaşımda dilənirəm.
- Hər gün bura gəlmək çətin deyil?
- Çətindir. Amma gəlmək yox, burada oturub, insanlara, uşaqlara əl açmaq çətindir. Bəzən görürəm ki, mənim yaşlarımda qadınlar öz nəvələrini parka gəzməyə gətirirlər. Onları görəndə sevinirəm. Bununla təsəlli tapıram.
Qəhrəmanımın əllərindəki cırmaq izlərinə bənzər yaralar vardı.
- Nənə, bu əlindəki izlər nədir?
- Qaraçılar edib. Hər tərəfdədirlər. Elə hey gəlib məni incidirlər. Deyirlər ki, onların işləməyinə mane oluram. Döyürlər, cibimdəki pulu alırlar əlimdən. Bu iz də onlardan qalıb. Belə olanda Allaha dua edirəm ki, tez canımı alsın. Daha zülm çəkməyim.
- Nənə, mən jurnalistəm. İcazənlə sənin fotonu çəkim. Haqqında yazı yazım. Bəlkə yardımcı olarlar.
- Yox bala. İstəmirəm. Onsuz da utanıram. Heç kəs köməklik edən deyil. Heç olmasa boş yerə ümüdlənməyim.
Məhəmməd Türkmən
Musavat.com
Son xəbərlər
Son Xəbərlər