20 Yanvar faciəsi - xalqımızın qan yaddaşıdır…

20-yanvar-faciesi-xalqimizin-qan-yaddasidir
Oxunma sayı: 1053


“Qafqazinfo” xəbər verir ki, öncə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlərin Xatirə parkında 20 Yanvar faciəsinə həsr olunmuş divar qəzetlərinə, rəsm işlərinə və kitab sərgisinə baxış keçirib, daha sonra abidə komplekslərinin önünə təzə tər güllər qoyublar.

Tədbirin rəsmi hissəsi torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov anım mərasimində çıxış edərək bildirdi ki, Azərbaycan xalqının taleyinə qəhrəmanlıq tarixi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsindən 24 il keçir. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda tariximizin bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar, qürur hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi heç də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. A.Səfərov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Zərdab rayonundan 140-a qədər gəncin şəhid olduğunu, 90 nəfərin əlil olmasını bildirərək şəhidlərdən 35 nəfərinin adının əbədiləşdirilərək məktəb və küçələrə verildiyini bildirdi.

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, avtomobillər və gəmi vasitəsilə səs siqnalları verilib.

Rayonun idarə, müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərin Xatirə parkında ucaldılmış abidənin önünə tər güllər qoyulub.

Gün ərzində rayon ərazisindəki məscidlərdə ehsan süfrələri açılmış, şəhidlərin ruhuna dualar oxunmub.