“20 Yanvar”da ağac kəsən şəxs cərimələndi - Fotolar

20-yanvarda-agac-kesen-sexs-cerimelendi
Oxunma sayı: 1939

Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsi 24 ünvanında olan çox illik ağacların kəsilməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub. 

“Qafqazinfo”nun məlumatına görə, küçə sakinləri məsələyə etiraz etsə də buna məhəl qoyulmayıb: "Bu ərazi Nəsimi rayonun tərkibindədir. Əgər ağac kəsiminə icazə verilibsə bu onların razılıq əsasında həyata keçirilib".

Sakinlər məsələ ilə bağlı  Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin qaynar xəttinə də  müraciət ediblər. “Qaynar xətt” dən onlara  bildirilib ki, həmin ərazidə ağac kəsiminə icazə verilməyib.

Məsələ ilə bağlı "Qafqazinfo" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə müraciət edib.   Bildirilib ki, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 yanvar küçəsi 24 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsində yaşköküstə 12-16 sm diametrində 2 ədəd ağacın kök boğazından, bir neçə  ağacın isə yuxarı hissəsindən  kəsildiyi aşkar olunub. Araşdırma zamanı qanun pozuntusunun fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib.

Faktla bağlı A.Hüseynov barəsində protokol tərtib edilib və ona ümumilikdə 2900 manat məbləğində cərimə və ziyan tətbiq olunub. 

Günel Türksoy