20 yaşlı gəncə 20 il iş kəsildi - Bakıda

20-yasli-gence-20-il-is-kesildi
Oxunma sayı: 2576

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və quldurluqda təqsirləndirilən Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Pərviz Abnasov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Həmçinin o da müəyyən edilib ki, Pərviz Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib.

Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib.

Murad Əhməd