“2014-cü ildə siyasi münasibətlərin yeni müstəvisi yarana bilər”

2014-cu-ilde-siyasi-munasibetlerin-yeni-mustevisi-yarana-biler
Oxunma sayı: 1020



- Ölkənin mövcud ictimai-siyasi vəziyyətini necə qiymətləndirirsiniz?

- Ölkənin ictimai-siyasi həyatında müsbət dəyişiklik müşahidə edilmir. Təəssüf ki, iqtidar hələ də azadlıqları təmin etmək, siyasi rəqabəti yumşaltmaq, vətəndaş cəmiyyətinə imkanlar yaratmaq əvəzinə gərginliyi artırır, məhdudiyyətləri çoxaldır. Maneələr törətməklə,  yubatmaqla  demokratikləşmə  tendensiyasının qarşısını almaq olmaz. Hakimiyyət ənənəvi yanaşmasını davam etdirməklə yaxın perspektivdə qazansa da, gələcəkdə bunun tam əksini yaşayacaq. Xalqın proseslərə kənardan müşahidəçi olmasından ruhlanıb siyasəti daha da sərtləşdirmək yaxşı heç nə vəd edə bilməz. Hakimiyyət özü üçün təhlükəni ictimai-siyasi əsaslarla təşkilatlanmış qurumlarda görməkdə davam edir ki, bu da demokratik düşüncəyə  və inkişafa əsas maneə olaraq qalır. MDB məkanında, xüsusilə də Ukraynada cərəyan edən proseslər onu deməyə əsas verir ki, demokratiyanın sərhədləri genişlənəcək. Əksinə ona doğru cəmiyyəti planlı hazırlamaq lazımdır. Müxalif siyasi partiyalarla münasibətlərdə yeni yanaşma olmalıdır. Cəmiyyətin bir çox problemlərinin həllinə siyasi və ictimai təşkilatları qoşmalıdırlar. Biz partiya və Qarabağ bloku olaraq ölkənin ən ağrılı və çətin problemlərinin həllində hakimiyyətlə əməkdaşlığa hazırıq və bunu dəfələrlə söyləmişik və söyləməkdən də çəkinmirik.   Ölkə də mövcud olan, amma hakimiyyətin qəbul etmək istəmədiyi bir gərginliyik var. Gərginliyin azaldılmasının ən ağrısız yolu barış və dialoqun olmasıdır. Biz ümid edirik ki, 2014-cü ildə siyasi münasibətlərin yeni müstəvisi yarana bilər.

- Ümid partiyası üçün bələdiyyə seçkilərinin əhəmiyyəti nədən ibarətdir  və bu istiqamətdə hazırlıqlar necə aparılır?

- Biz ölkədə keçirilən bütün seçkiləri siyasi təşkilatlar və cəmiyyət üçün əhəmiyyətli hesab edirik. Seçkilər ədalətli, şəffaf və azad keçirilməsə də hər seçki prosesinə bir təcrübə, bir fürsət kimi baxırıq. Azad rəqabət imkanları olmadığından, ən azı vətəndaşlarla təmas və partiyanın təşkilatlanması baxımından qazanmağa çalışırıq. Konkret olaraq bələdiyyə seçkilərinə gəldikdə isə bu seçkilər demokratik cəmiyyətlərdə ən iri miqyaslı və hakimiyyətlərin taleyini müəyyən edən seçki hesab edilir. Demokratik cəmiyyətə doğru ilk siyasi iradə, ilk demokratik addım məhz bələdiyyə seçkilərində nümayiş etdirilməlidir. Seçici özü seçəcəyinə əmin olarsa daha çox məsuliyyətli olacaq və doğru seçim edəcək. Anti-demokratik cəmiyyətlərdə təyinatla vəzifə tutan şəxslər bir qayda olaraq xalqın xidmətçisi deyil, ağası rolunda çıxış edir. Müşahidə etsək görərik ki, sadə vətəndaşlarla dövlət arasındakı münasibətlərdə mövcud olan uçurum belə avtoritar idarəçilikdən qaynaqlanır. Regionların sürətlə boşalması və əhalinin şəhərə axını təkcə sosial-iqtisadi problemlərlə əlaqəli deyil, həm də idarəetmə amilləri ilə bağlıdır. İnsanlar öz seçdikləri səlahiyyətli şəxslərdən asanlıqla hesabat tələb etdiyi kimi, seçilmiş şəxslərdə, onu seçənlərə xidmət göstərməyə məcbur olur. Xalq birbaşa idarəçilikdə iştirak edir, doğru seçim etməklə bağlı məsuliyyəti və təcrübəsi yaranır. Seçiminə güvənilməyən, şəffaf seçim imkanları faktiki olaraq əlindən alınmış vətəndaşla rəqabətli və inkişaf etmiş cəmiyyət qurmaq olmaz. Bu, körpə uşağın qaşığını əlindən alıb, onu başqasının yedizdirməsinə bənzəyir. Yedizdirilməsini gözləyən uşağın davranışı ilə, təşəbbüskarlığı məhdudlaşmış xalqın taleyi oxşardir. Bu idarəçiliyin ən böyük zərərini onu tətbiq edənlər yaşayacaq. Nə qədər ki, gec deyil demokratik bələdiyyə seçkisi keçirilməli və bir başa xalqla təmasda olan seçilmiş insanlar ordusu yaranmalıdır. Bu gün regionumuz mürəkkəb münasibətlərin və ziddiyyətlərin mərkəzinə çevrilməkdədir. Belə vəziyyətdə, xüsusilə də müharibə şəraitində olan bir dövlətin təhlükəsizliyini və inkişafını təmin edən əsas faktor, idarəetmədə vətəndaş iştirakçılığıdır. Bələdiyyə seçkilərinə hazırlığımız planlı şəkildə davam edir. Bu il həm bələdiyyələrin statusunun müəyyən edilməsi, həm də seçki mühitinin yaradılması istiqamətində ciddi iş aparmağı düçünürük. Seçicilər arasında artıq möhkəmlənmiş bir fikir yaranmaqdadır ki, onu idarə edənləri özünün seçməsinə imkan verilmir. Bütün bunlar fəaliyyət imkanlarımızı məhdudlaşdıran məsələlərdir. Bunlara baxmayaraq bu seçkiyə də Ümid Partiyasının yüksək səviyyədə, hazırlıqlı qatılması bizim əsas vəzifəmizdir.

- Son vaxtlar cəbhədə gərginlik davam edir. Ermənistan-Azərbaycan cəbhəsində  davam edən bu gərginliklə bağlı müzakirələriniz olurmu?

- Bu gərginliklər bir aya yaxındır ki, davam edir. Cəbhədə olan vəziyyət, Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar barədə siyasi institutlar məlumatsızdır. Nizamlama prosesləri barədə məlumatlar iqtidarın tam monopoliyasındadır və cəmiyyətimizdən məxfi saxlanılır. Faktiki olaraq ölkədə heç kimin danışıqlardan, verilən təkliflərdən, proseslərin hansı istiqamətə yön almasından və nələrin  baş verməsindən  xəbəri yoxdur. Azərbaycan hökumətinin Qarabağ münaqişəsi ilə bağlı danışıqları müxalifətdən, hətta Milli Məclis üzvlərindən belə məxfi saxlaması anlaşılan deyil. Bu yanaşma onu göstərir ki, hakimiyyətin bu istiqamətdə heç bir aydın proqramı mövcud deyil. Atəşkəsdən keçən 20 il ərzində bir dəfə də olsun eşitmədik ki, hökumət hansısa həll variantı təklif edir. Elə davranırlar ki, sanki bu münaqişə hansısa kənar dövlətin problemidir. Hökumətin bu məsələni necə həll etmək istəməsini göstərən addımlarının olmaması haqlı olaraq bizi narahat edir.  Necə izah etmək olar ki, bütün təklif və təşəbbüsləri kənardan gələn müşahidəçilər gətirib. Problemin həllinə hökumətin belə münasibəti milli maraqlarımıza ağır zərbə vura bilər. Odur ki, dəfələrlə bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud vəziyyəti siyasi institutların iştirakı ilə qapalı şəkildə müzakirə  olunmalıdır. Münaqişənin həlli istiqamətində bütün siyasi qüvvələr birlik və həmrəylik nümayiş etdirməlidir.