2014-ün Qarabağ düyünü – - Təhlil

2014-un-qarabag-duyunu-
Oxunma sayı: 2271


Atəşkəsi kim və niyə pozur? 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan yanvarın 24-də Parisdə bir araya gəldilər. Görüş ərəfəsində cəbhə bölgəsində vəziyyət gərginləşmiş, atəşkəs intensiv şəkildə pozulurdu. Atəşkəsin pozulmasına görə Azərbaycan Ermənistanı, Ermənistan isə əksinə Azərbaycanı ittiham edirdi. 

Azərbaycan ordusu Dağlıq Qarabağda hər hansı uğurlu əməliyyat keçirərək, qarşı tərəfi itkiyə məruz qoyursa və ya hər hansı coğrafi yüksəkliyi ələ keçirirsə, bir neçə gün sonra Ermənistan fərqli məkanda cavab aksiyası həyata keçirməyə çalışır. Məsələn, yanvar ayında atəşkəsin pozulması nəticəsində Dağlıq Qarabağda bir erməni zabiti həlak oldu, bir neçə gün sonra Azərbaycan zabiti Tovuz istiqamətində həlak oldu. Və ya əksinə. Ermənistan hansısa istiqamətdə atəşkəsi pozaraq üstünlüyünü göstərməyə çalışırsa, qısa müddətdən sonra Azərbaycan tərəfi əks-həmlə ilə yenidən paritet saxlayır. Digər tərəfdən Dağlıq Qarabağda pozulan atəşkəs, Qarabağdan uzaq ərazidə, Ermənistan-Azərbaycan sərhədi boyunca da özünü göstərir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağda başlaya biləcək müharibə başqa ərazilərə də keçə bilər. 

Yanvar ayında cəbhə bölgəsində vəziyyətin gərginləşməsi Azərbaycanla Ermənistan arasında informasiya və kiberq müharibəsini də gücləndirdi. Saytlara yenə qarşılıqlı haker hücumları qeydə alındı. 

Fevral ayında baş nazir Artur Rəsizadə Müdafiə Naziliyində müşavirə keçirdi. Toplantıda Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirildi. Bu, il ərzində Artur Rəsizadənin müdafiə sahəsində ikinci fəallığı idi. İlin sonuna yaxın baş nazir hərbi hissələri ziyarət etdi. Şübhəsiz, bu dövlət başçısı İlham Əliyevin baş nazirə verdiyi təlimat əsasında həyata keçirilir. Bununla hökumətin başında dayanan şəxsin də ordunun ehtiyaclarının ödənməsi üçün birbaşa məsuliyyət daşıdığı görüntüsü yaranır. 

Soçi olimpiadasından sonrakı dövr...

Minsk Qrupu həmsədrlərinin ilin əvvəlində bölgəyə növbəti səfəri nə ilə yadda qaldı? 

Birincisi, Azərbaycan və Ermənistan prezidentləri Soçi olimpiadası müddətində atəşkəsə riayət edəcəklərini vəd etdilər. Bu, ən vacib nəticə idi. Olimpiadanın başlamasına bir neçə gün qalmış atəşkəsin pozulmasının intensivliyinin azalması (gündəlik 200-250 pozuntudan 40-50 pozuntuya qədər endi) tərəflərin bu vədə sadiq qalacaqlarına işarə idi. Bu qərar daha çox Moskvaya lazım idi. 

İkincisi, həmsədrlərin bölgəyə səfərlərinin bir başqa məqsədi prezidentlərin həmin aylarda görüşlərini hazırlamaq idi. Ancaq məlum oldu ki, Azərbaycan və Ermənistan prezidentləri görüşə  tələsmirlər. Bu səbəbdən həmsədrlər görüşlə bağlı konkret tarix müəyyənləşdirə bilmədilər. Prezidentlərin görüşməməsi həm də ondan xəbər verirdi ki, masa üzərində danışıqları irəli aparmaq üçün məzmunlu təklif(lər) yoxdur.  

Bu arada, Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTM) baş katibi Nikolay Bordyuja İrəvana səfər etdi. Ümumiyyətlə Bordyuja az qala hər ay Ermənistana səfər edir. O, heç KTM-nin digər üzvləri olan Qazaxıstan və ya Qırğızıstana bu qədər səfər etmir. Aydındır ki, ilin əvvəlindəki  səfər cəbhə bölgəsində atəşkəsin pozulmasıyla bağlı idi. İl ərzində davam edən bu səfərlər sanki Bakıya mesaj idi ki, genişmiqyaslı toqquşmaların başlayacağı halda Rusiya bütün gücü ilə Ermənistanı müdafiə edəcək. İl ərzində Rusiyanın Ermənistandakı hərbi bazalarının yerləşim məntəqələrinin sayının 21-ə çatdırması Azərbaycanda haqlı narahatlıq doğurdu.  

Azərbaycan rəsmiləri 2014-cü ilin birinci rübündə ATƏT-in Minsk Qrupu haqqında mənfi fikilərini artırdılar. Əvvəlcə Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ danışıqları üzrə təmsilçisi Araz Əzimov dedi ki, həmsədrlər formatında aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur. Ardınca parlamentin sədr müavini Ziyafət Əsgərov Minsk Qrupunu “ölü qrup” adlandırdı. Bunun davamı kimi Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri  Bayram Səfərov sülh danışıqlarının nəticə verməyəcəyini bildirdi. 

Fransa Cənubi Qafqazda Rusiyadan təşəbbüsü ələ alır? 

May ayında Dağlıq Qarabağdakı silahlı toqquşmalara son qoymaq üçün Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan təmsilçilərinin 1994-cü ildə Bişkəkdə imzaladıqları atəşkəs sazişindən 20 il keçdi. Bu müddət ərzində atəşkəs dəfələrlə pozulub, hər iki tərəf yüzlərlə itki verib. Atəşkəsdən sonra qısa müddətdə Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyan sülh sazişi imzalanmalı idi. Ancaq bu baş vermədi və iki tərəf arasında hazırda yeganə razılaşdırılmış sənəd məhz Bişkek protokolu sayılır.

May ayında atəşkəsin 20 illik yubileyi ilə yanaşı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha 2 hadisə baş verdi. 

Birinci hadisə - ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik twitter səhifəsində münaqişəsinin həlliylə bağlı 6 prinsip irəli sürdü. Uorlikin açıqlaması həm Azərbaycan, həm də Ermənistanda fərqli reaksiyalar doğurdu. Bəziləri Uorlikin 6 bəndlik təklifin Azərbaycanın, digərləri isə Ermənistanın xeyrinə olduğunu dedilər. Həqiqətən Uorlikin 6 prinsipdən 5-i Azərbaycanın maraqlarına uyğun gəlirdi. Çünki, bu prinspilərdə Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad olunması, qaçqınların geri qayıtması və təhlükəsizlik təminatlarının təmin olunmasından söhbət gedirdi. Rəsmi Bakı və Azərbaycanı cəmiyyəti Uorlikin “Dağlıq Qarabağ üçün müvəqqəti status müvəqqəti olmalıdır” sözlərindən narazı qaldı. Çünki, “müvəqqəti statusun müvəqqəti olması” ideyası referendum tarixinin müəyyənləşməsinnə gətirib çıxarır ki, Azərbaycan buna razı deyil. 

İkinci hadisə - Azərbaycana və Ermənistana rəsmi səfər edən Fransa prezidenti Fransua Olland prezidentlərin növbəti görüşünün Parisdə keçirilməsini təklif etdi. Fransa bu təklifi irəli sürməklə iki məqsəd güdürdü. Birinci məqsəd münaqişənin həllində Fransanın fəallaşmasını təmin etməkdir. Çünki, Paris son illər bütün görüşlərin Rusiya ərazisində keçirilməsindən narahatdır. Fransa isə Cənubi Qafqazda fəallığını artırmaq istəyir. Rusiya ilə Gürcüstan arasında 2008-ci ildəki müharibənin dayandırılmasında da o zaman Fransanın keçmiş prezidenti Nikola Sarkozi vasitəçi olmuşdu. Fransanın ikinci məqsədi Cənubi Qafqazda ABŞ-dan geri qalmamaqdır. ABŞ prezidenti Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir, Vaşinqtonun yeni təşəbbüsləri yoxdur. Və belə bir məqamda Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət etməsi münaqişənin həlli prosesində Fransanı ABŞ-dan irəli çıxarmış kimi göstərəcəkdi.  

Azərbaycan Fransa ilə iqtisadi və humanitar sahədə əməkdaşlığını genişləndirir. Azərbaycan bu gedişlə Fransanın Cənubi Qafqazda əsas partnyoruna çevrilir. Müqayisə üçün deyək ki, Fransua Ollandın başçılığı ilə Fransa nümayəndə heyəti Bakıda bir neçə ciddi iqtisadi sazişə imza atarkən, İrəvanda oxşar imzalanma mərasimi baş vermədi. Çünki, Ermənistanın iqtisadi durumu buna imkan vermir. 

Həmsədlərin bəyanatı və Sərsəng su anbarı...

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Mayın 16-19-də regiona səfər etdilər. Səfərin yekunlarıyla bağlı həmsədlərin verdiyi bəyanat rəsmi Bakının siyasəti ilə üst-üstə düşmürdü. 

Məsələn, rəsmi Bakı hər zaman vurğulayır ki, Yerevan işğal altındakı torpaqlarda məskunlaşma siyasəti aparır, Suriyadan qaçan erməniləri Dağlıq Qarabağda yerləşdirir. Həmsədrlər isə bəyanatda qeyd ediblər ki, Kəlbəcər və Laçında apardıqları monitorinq zamanı əhalinin sayının dəyişməsini müşahidə etməyiblər. Halbuki, rəsmi Bakı illərdir bunun tərsini deyir. Elə Ermənistandan gələn xəbərlərə görə də, başqa ölkələrdən Dağlıq Qarabağa ailələlərin köçürülməsinə çalışdıqları gizlədilmir. Həmsədrlər səfər zamanı infrastrukturun yaxşılaşması əlamətlərini müşahidə etdiklərini də bildiriblər. Bu cümlənin özü də sual yaradır: Əgər Dağlıq Qarabağa əlavə sakinlər yerləşdirilmirsə, işğal altındakı torpaqlarda infrastrukturun yaxşılaşmasına niyə əlavə maliyyə xərclənir? 

Həmsədrlər bəyanatlarında xüsusi bir təkliflə də çıxış edirlər: Tərəflər 

işğal altında qalan Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılıq əldə etsinlər. Rəsmi Bakı bu təklifə müsbət yanaşa bilməzdi. Çünki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın separatçı liderləri ilə təmas saxlamağı doğru saymır. Rəsmi Bakı yanlız Ermənistanla sülh sazişi imzalandıqdan sonra Dağlıq Qarabağın erməni icmasının rəhbərliyi ilə müzakirə apara biləcəyini dəfələrlə bəyan edib. Ona görə də, sülh sazişi imzalanmadan rəsmi Bakının Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı Dağlıq Qarabağla danışıqlar aparacağı real deyil. Rəsmi Bakı həm də ondan ehtiyat edir ki, Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılaşma olsa, İrəvan  bu faktoru Bakının faktiki Dağlıq Qarabağın rəhbərliyini tanıması kimi tədqim edəcək. 

Əslində, həmsədlərin Kəlbəcər və Laşında monitorinq aparması təklifini rəsmi Bakı vermişdi. Ancaq həmsədlərin monitorinqdən sonra verdikləri bəyanat rəsmi Bakını maraqlarına zidd oldu. 

Buna baxmayaraq, yay aylarında amerikalı və avropalı diplomatların “Dağlıq Qarabağ ətrafındakı 7 rayon azad edilməlidir” ifadəsini tez-tez təkrarlamaları Azərbaycanın maraqlarına uyğun idi. Çünki, bu ifadə rəsmi Bakının münaqişənin həlli üçün mərhələli həll planını tərkib hissəsidir. Maraqlıdır ki, amerikalı və avrpoalı diplomatlardan fərqli olaraq rusiyalı diplomatlar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyi haqqında heç nə demirlər. 

Avqustda müharibə başlaya bilərdimi?

Avqustun əvvəlində Dağlıq Qarabağda atəşkəs intensiv şəkildə pozulduqda və hər iki tərəf itki verdikdən sonra ən vacib iki sual meydana çıxdı:

- Atəşkəsin pozulmasında hansı tərəf daha çox maraqlıdır və bu müharibəyə gətirib çıxara bilərmi?

- Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə avqustun 10-da Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün müsbət nəticə olacaqmı?

Rəsmi Bakı Dağlıq Qarabağla bağlı mövcud status-kvonun dəyişməsini istəyir. Məhz bu səbəbdən prezident İlham Əliyev tənbəlləşən müdafiə naziri Səfər Əbiyevi Zakir Həsənovla əvəz etdi. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra orduda bəzi islahatlara başladı, silahlı qüvvələrin təlimləri artdı, hərbçilərin ərzaq təminatı yaxşılaşdı, orduda inzibati işlərə mülki şəxslər cəlb edildi. Zakir Həsənov ayrıca, cəbhə bölgəsində işğalçılara Azərbaycan ordusunun gücünü göstərməyə həvəsləndi. Təsadüfu deyil ki, cəbhə bölgəsində mövqe döyüşləri artdı.

Bu vəziyyət Ermənistanı narahat etməyə başladı. Çünki, Ermənistanın siyasi və hərbi elitası anladı ki, cəbhə bölgəsində mövqe üstünlüyü Azərbaycanın tərəfinə keçə bilər. Ona görə də İrəvan sonda Azərbaycana güc nümayişi göstərməyə qərar verdi. Belə fikirlər səslənir ki, əslində Azərbaycan ordusu irəliləmək istədikdə böyük itkiyə məruz qalıb, təxminən 15 hərbçisini itirdi. Ancaq bu versiyanın zəif olduğunu göstərən faktor var. Son hadisə zamanı müdafiə naziri Zakir Həsənov Türkiyənin Bodrum şəhərində dincəlirdi. Əgər Azərbaycan ordusu Dağlıq Qarabağda hansısa ciddi kəşfiyyat aksiyası planlaşdırırdısa, müdafiə naziri Bakıda olmalıydı. Buna görə də, hərbi diversiyanın məhz Ermənistanın həyata keçirdiyini proqnozlaşdırmaq olar. 

İrəvanın diversiyada məqsədi cəbhə bölgəsində hərbi balansın Azərbaycanın xeyrinə pozulmayacağını Bakıya izah etmək idi. Başqa sözlə Yerevan Bakını qorxutmaq istəyirdi ki, Azərbaycan gələcək hərbi hücum planlarından əl çəksin. Ancaq bu diversiya aksiyası əks effekt verdi. Azərbaycan cəmiyyətində müharibə ritorikası artdı, əhali prezidentin qəti qərar verməsini istədi. Prezident İlham Əliyev isə cəmiyyətdə mövcud olan ab-havadan çıxış edərək, Ağdama getdi, müharibənin başlana biləcəyinə eyham vurdu.  

Bu arada, Rusiya prezidenti Vladimir Putin nədən qəfil Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə qərar verdi. 

Soçi görüşünə qədər Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmirdi. O prezident olduğu əvvəlki 8 ildə də bu münaqişənin həlliylə ciddi maraqlanmırdı. Ondan fərqli olaraq keçmiş prezident Dmitri Medvedev 3 il ərzində Azərbaycan və Ermənistan prezidentlərini 10 dəfə bir araya gətirmişdi. Ancaq o da bir nəticə əldə etmədi. Atəşkəsin intensiv pozulması Putini bir qədər ehtiyatlandırdı. Rusiya prezidenti Azərbaycanın müharibəyə başlaya biləcəyini ehtimal edərək, buna mane olmağa qərar verdi. Çünki Cənubi Qafqazda müharibə Rusiyanın maraqlarına cavab vermirdi. Çünki, bir tərəfdən Ukrayna böhranı, digər tərəfdən Cənubi Qafqazda bir başqa müharibə ehtimalı Rusiyaya əlavə problemlər yaradardı. Rusiya bu müharibədə Ermənistanın yanında yer alacaqdı ki, bu da Moskvanın avtomatik Bakı ilə münasibətlərini gərginləşdirəcəkdi, ikincisi müharibənin Şimali Qafqaza keçməsi ehtimalı da Kremli narahat etməyə bilməzdi. 

Soçi görüşü nəticə vermədi, sadəcə tərəfləri sakitləşdirdi. İlham Əliyev Soçidə üçtərəfli görüşdə Dağlıq Qarabağda saxlanılan azərbaycanlılardan birinin Rusiya vətəndaşı olduğunu xatırlatdı. Bununla İlham Əliyev faktiki Putinin bu məsələyə müdaxiləsini arzulamışdı. Digər tərəfdən həmin girov götürülən şəxslərin qohumları da Putinə məktub yazmışdılar. Ancaq Putin bu mövzuya heç toxunmadı və bununla rəsmi Bakını məyus etdi. Putinin Soçi görüşündə yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini atəşkəsə riayət edəcəklərinə razı salmaq idi. Rusiya prezidentinin görüşdə “Dağlıq Qarabağ münaqişəsi SSRİ-dən bizə miras qalıb” sözləri isə ondan xəbər verirdi ki, Kreml tərəflərə nəticə yox, uzun-uzadı danışıqlar vəd edir. 

Fransanın 3-cü vasitəçilik cəhdi və vurulan helikopter

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində təxminən 7 ildir davam edən təkbaşına vasitəçilik missiyası başa çatdı. Prosesə yenidən Fransa qoşuldu. Azərbaycan və Ermənistan prezidentləri oktyabrın sonunda Parisdə bir araya gəldilər. Bu Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində 3-cü vasitəçilik cəhdi idi. Bundan əvvəl 1999 və 2006-cı illərdə Fransa ərazisində görüşlər təşkil olunmuş və nəticəsiz qalmışdı. Bu görüş də faktiki nəticəsiz qaldı. 

Azərbaycan ordusu 12 noyabrda Qarabağ səmasında Ermənistana məxsus hərbi helikopteri vurdu, 3 erməni həbrçisi həlak oldu. Bu Azərbaycanla Ermənistan arasında 1994-cü ildə imzalanan atəşkəs sazişindən sonra ilk ciddi insident idi.  

Əslində bölgədəki indiki gərgin şəraitdə belə bir hadisənin baş verəcəyini proqnozlaşdırmaq mümkün idi. Çünki Ermənistanın hərbi helikopterləri ilk dəfə deyildi ki, Dağlıq Qarabağ ərazisini keçərək işğal altındakı Ağdam rayonu üzərində uçuşlar həyata keçirirdi. Ermənistanın mütəmadi olaraq Dağlıq Qarabağda həyata keçirdiyi hərbi təlimlər rəsmi Bakını adekvat addımlar atmağa məcbur edirdi.

Azərbaycan ordusu da Dağlıq Qarabağa yaxın ərazidə hərbi təlimlər keçirir. Bu Azərbaycanın öz əraziləridir və buna hüququ var. Ermənistan ordusunın hərbi texnikası isə qeyri-qanuni olaraq Dağlıq Qarabağ separatçılarıyla birgə işğal altındakı Azərbaycan ərazisində hərbi təlimlər keçirir. Bu ikisi arasında fərq var. Ona görə də bu vəziyyətdə Azərbaycanın mövqeləri daha güclü görünür. Əvvəlki illərdə rəsmi Bakı ermənlərin hərbi təlimlərinə müdaxilə etmirdi. İndi isə rəsmi Bakı qərarını dəyişib: Dağlıq Qarabağdan kənara çıxacaq təyyarələr və hərbi helikopterlər vurulacaq. Bakının bu qərarı bölgədə Yerevan üçün yeni situasiya yaradır. 

İrəvanın helkopterin vurulmasından sonra iki seçimi var idi: 

İrəvanın birinci seçimi o idi ki, helikpoterin vurulmasına qarşı cavab aksiyasi həyata keçirməlidir. Bu ya Azərbaycan helikopterinin vurulması, ya da avqust ayında olduğu kimi Azərbaycanın hərbi postlarından birinə hücum olacaqdı.

İrəvanın ikinci seçimi isə o idi ki, helikopterin vurulmasından nəticə çıxararaq bir müddət hərbi təlimlərə son vermək, ya da hərbi təlimləri Dağlıq Qarabağ ətrafındakı rayonlara genişləndirməməkdir. 

İrəvan birinci seçimə üsünllük verəcəkdisə, bu bölgədə müharibə ehtimalını artıracaqdı. Müharibə isə indiki şəraitdə birinci növbədə Ermənistanın maraqlarına cavab verməməlidir. Müharibə üçün Ermənistanın resursları yoxdur. Ona görə də Ermənistan rəsmilərinin helikpoterin vurulmasını cavabsız qoymayacaqlarına dair verdikləri bəyanatlara baxmayaraq, İrəvan hələ ki, risqli addımdan çəkinir.    

Beləliklə, 2014-cü ildə Dağlıq Qarabağla bağlı əsas yadda qalan hadisələr aşağıdakılar oldu:

- 20 yanvar tarixindən başlayaraq atəşkəsin intensiv pozulması;

- Soçi olimpiadası dövründə nisbi sakitliyin yaranması; 

- Atəşkəs sazişinin imzalanmasının 20 illiyi;

- Həmsədrlərin Sərsəng su anbarının birgə işlədilməsina dair təklifləri;

- Amerikall həmsədr Ceyms Uorlikin 6 bəndlik təklifi;

- Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistana səfəri;

- Avqustun əvvəllərində atəşkəsin intensiv pozulması və tərəflərin çoxsaylı itkiləri;

- Prezidentlərin Soçi görüşü

- Prezidentlərin Paris görüşü

- Vurulan helikopter

2015-ci ildə də Dağlıq Qarabağ danışıqlarında irəliləyiş gözləmək əbəsdir. İyun ayında Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Ona görə rəsmi Bakı bu tarixə qədər cəbhə bölgəsində atəşkəsin pozulmamasına çalışacaq. Digər tərəfdən Ukraynadakı böhran və Qərb-Rusiya qadşıdurması Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir edir. Çünki, ABŞ və Fransa Rusiyanın bu məsələdə aparıcı rol oynamasını iztəməzlər. Eləcə də Moskva Paris və ya Vaşinqtonun vasitəçilik təşəbbüslərinə dəstək verməyəcək. 2015-ci ildə yeganə yenilik Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da görüşünün təşkil edilməsi ola bilər. Çünki, Rusiya və Fransa ərazisində görüşlər olub, növbə ABŞ-ındır. Həm də Vaşinqton görüşü soyuqlaşan ABŞ-Azərbaycan münasibətlərinə də müsbət təsir edərdi.