Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzi, Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, “Bakcell” şirkətinin sponsorluğu ilə “AgroHackathon 2020” startap müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, nazirliyin tabeli qurumlarının nümayəndələri, “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri, eləcə də Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri iştirak ediblər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir.
Bütün sahələrdə innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini deyən nazir qeyd edib ki, yeni çağırışlar fonunda bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib: “Aqrar sahədə inkişafın əsasını, məhz innovasiyaların tətbiqi təşkil edir. Qarşımızda duran əsas vəzifə torpaq və su resurslarından səmərəli istifadə etmək, ətrah mühitin qorunmasını təmin etməkdir. Həmçinin fermerlərin gəlirlərinin artırılması və eyni zamandan xərclərinin azaldılması əsas hədəflərimizdəndir. Məhz bu zərurətlərdən irəli gələrək aqrar sahədə mütərəqqi həllərin, innovativ metodların, müasir texnologiyaların tətbiqi vacibdir. Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə innovasiyaların tətbiqini hər zaman dəstəkləyir və bu yanaşma bizim fəaliyyət prinsiplərimizdən birinə çevrilib”.
Daha sonra “AgroHackathon 2020” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə I yeri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Mathemates” komandası, II yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Origen” komandası, III yeri ADA Universitetinin SPD komandası tutub. Tərəvəzçilik Elmi-Tədqiqat İnsitutunun təşəbbüsü ilə müsabiqədə xüsusi fərqlənmiş Azərbaycan Texniki Universitetinin komandasının şərəfinə institut tərəfindən yetişdirilmiş yeni pomidor sortuna “AzTU-2020” adı verilib.
Xatırladaq ki, müsabiqədə iştirak üçün ölkənin qabaqcıl ali təhsil müəssisələrini təmsil edən 50-dən artıq komanda müraciət edib. Onlardan 11 fərqli ali məktəbi təmsil edən 15 komanda müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. İlkin seçim mərhələsindən uğurla keçmiş komandalarının ümumi say tərkibi 70, komandalardakı xanım iştirakçıların sayı isə 20 nəfərdən artıqdır. Yarış zamanı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılıb, onlar ekoloji təmiz qida və şirələrlə təmin olunublar.
Fevralın 29-dan start verilən müsabiqədə 15 komanda 2020 dəqiqə ərzində istixanaların suvarma sistemləri üçün proqram yazıblar. Müsabiqə bu gün saat 06:00-da yekunlaşıb. Müsabiqə iştirakçıları onlara verilmiş texniki tapşırığın öhdəsindən uğurla gələrək 2020 dəqiqə ərzində ölkə üzrə rekord sayılacaq qədər kod yazmaqla istixanaların suvarma sistemləri üçün proqram hazırlayıblar.



Son xəbərlər
Son Xəbərlər