“2022-ci ilin ilk sosial paketinə daxil olan sərəncamlar vətəndaş məmnunluğunu artırır”

2022-ci-ilin-ilk-sosial-paketine-daxil-olan-serencamlar-vetendas-memnunlugunu-artirir
Oxunma sayı: 962

“Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandıqda bu ölkədə vətəndaş məmnunluğunun artırılmasına yol açır ki, bu da öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir.  İki ildir ki, dünya koronavirus infeksiyası ilə mübarizə aparır. Azərbaycanın  COVID-19-la mübarizə tədbirlərinə başlandığı gündən atdığı addımların xronologiyasına diqqət yetirsək insan amilinə verilən dəyər özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyev ilk gündən bildirdi ki, iqtisadi  islahatlar dərinləşdirilməlidir, heç bir sosial layihə təxirə salına bilməz.  Bu məqsədlə  Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən 10 fəaliyyət istiqmətini və 4 sektoru əhatə edən 10 sosial yardım proqramı icra edildi. Bu kimi addımlar bir daha təsdiqləyir ki, ən çətin anlarda belə dövlət vətəndaşını unutmur, yüksək rifahını təmin etmək üçün bütün zəruri addımları atır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci ilin ilk  sosial paketinə daxil olan sərəncamları da  əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətində  prioritet olduğunu təsdiqləyir:

“Yeni Fərman və sərəncamlar bu istiqamətdə, xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamla  minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçinin işçini əhatə edəcək”.

 “Ölkə Prezidenti İlham Əliyevin Sərəncamları ilə minimum əməkhaqqı mütəmadi olaraq artır” söyləyən Vüqar Rəhimzadə  vurğulayıb ki,  dövlət başçısı hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində  sosial-iqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik  həyatında öz əksini tapmasının vacibliyini bildirmişdir. Eyni zamanda, vuğulamışdır ki, pensiyalar, əmək haqqları ildə  ən azı iki dəfə artırılmalıdır. Bu, təbii ki, iqtisadi tərəqqi ilə uzlaşmalıdır.  Prezident İlham Əliyevin bu vədi də reallıqda öz əksini tapıb. Belə ki, son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını stimullaşdırır".

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkiatlarda  çalışan işçilərin  əməkhaqlarının artırılması haqqında” Sərəncamına uyğun olaraq həmin təşklatlarda çalışanların maaşları  2022-ci ilin yanvarın 1-dən orta hesabla   20 faiz artırılacaq: “Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki Sərəncam isə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğının növbəti təzahürüdür. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40 faiz  artırılır. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüdlərin artırılması isə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbənin  əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb”.

 Vüqar Rəhimzadə onu da bildirib ki, iqtisadiyyatın aynası, davamlı inkişafın barometri kimi dəyərləndirilən  dövlət  büdcənin real göstəriciləri və artım səviyyəsi də hər bir   dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini,  faydalı iş əmsalını dəyərləndirməyə imkan verir: “Prezident İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Digər illərdə olduğu kimi, cari ildə də  ölkəmizin  davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, enerji layihələrinin  icrasının sürətləndirilməsi  və sair kimi mühüm amillər  dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir.   2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard manatdan, xərcləri isə  29 milyard manatdan çoxdur. 2022-ci ilin dövət büdcəsi  müstəqillik tariximizin ən irihəcmli büdcəsi kimi dəyərləndirilir. Gələn ilin dövlət büdcəsinin sosialyönümlü olması də  təsadüfi deyil. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Özməşğulluğun təminatı,  ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi  işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı  salınmasına,  əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eyni zamanda,  ölkənin məşğulluq strategiyasının səmərəliliyinə  geniş imkanlar açır. Bu əminlik də ifadə edilir ki, görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 18 il bundan əvvəl qarşıya qoyulan vəzifə - Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməsi təmin ediləcək”.

 Vüqar Rəhimzadə  əhalinin sosial  müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar  sırasında  şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğının xüsusi yer tutduğunu qeyd edib: “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətlərin artırılması da böyük əhəmiyyət kəsb edir.  Təkcə onu qeyd edək ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Bir sözlə, dövlətimiz hər bir vətəndaşının yanındadır. İqtisadi və maliyyə imkanlarımız artdıqca bu ilk olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsində özünü bürüzə verir. Bu baxımdan böyük inamla qeyd edirik ki, tezliklə  işğaldan azad edilmiş ərazilərimizdə  bərpa və quruculuq işləri  başa çatacaq, soydaşlarımız  doğma yurd-yuvalarına  qayıdacaq və yeni həyat başlayacaq. Bu ərazilərin malik olduğu iqtisdai potensial  bütövlükdə ölkə iqtisdiyüatına istiqamətləndiriləcək ki,  bu da  dayanıqlı inkişafı,  sosial siyasəti daha da gücləndirəcək. Azərbaycan sosial dövlət imicinə yeni əlavələr edəcək”.