2024-cü ildən magistraturaya qəbulda dəyişiklik olacaq

2024-cu-ilden-magistraturaya-qebulda-deyisiklik-olacaq
Oxunma sayı: 5569

“Magistraturaya qəbul imtahanının, son iki ildə olduğu kimi, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada beynəlxalq təcrübəyə uyğun yalnız bir mərhələdə keçirilməsi və imtahanda məntiqi təfəkkürün, informatika və xarici dil üzrə biliklərin yoxlanılması nəzərdə tutulur. Növbəti imtahanda da bakalavrların bu sahələr üzrə biliklərinin yoxlanılması üçün qiymətləndirmə aləti olaraq test üsulundan istifadə olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, 2022/2023-cü tədris ili üçün də test imtahanını iki dəfə - bir dəfə fevral və ya mart ayında, ikinci dəfə isə may və ya iyun ayında təşkil etmək planlaşdırılır.

“Magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq. Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur”.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların qəbul imtahanındakı nəticələri DİM-in Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən etdiyi müsabiqə şərtini ödədikdə, onlar Mərkəzin elan etdiyi müddətdə qabiliyyət imtahanında iştirak etməlidirlər. 

DİM sədri bildirib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını qəbul imtahanını verdikdən sonra DİM-in elan etdiyi müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar seçə biləcəklər. 

Qeyd edək ki, magistraturaya qəbul imtahanının 1-ci cəhdinin fevral ayının 20-də keçirilməsi nəzərdə tutulur.