Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Saatlı şəhər sakini 2004-cü il təvəllüdlü Pərvanə Xəyal qızı Həvəskari yanvarın 13-ü kəskin ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya aparılıb.
Tibbi yardıma baxmayaraq, o, yanvarın 14-ü vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, son günlər dünyada və ölkəmizdə kəskin virusun yayılması barədə məlumatlar paylaşılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, yanvarın 13-ü saat 21:00 radələrində 2004-cü il təvəllüdlü şəxs (qadın cinsli) komatoz vəziyyətdə Saatlı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən şəxsə sağtərəfli pnevmoniya, kəskin ağciyər çatışmazlığı diaqnozu təyin edilib. Göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 14 yanvar saat 19:30 radələrində şəxsin kəskin ağciyər çatışmazlığı səbəbilə bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, respirator virus xəstəliklərinin yayılması mövsümi xarakter daşıyır. Kliniki əlamətlərə əsasən bədən hərarətində yüksəlmə, öskürək, halsızlıq, burun axıntısı və tıxanıqlığı, boğaz ağrısı aiddir. Lakin bu simptomlara görə xəstəliyə hansı virusun səbəb olduğunu təyin etmək çətindir. Virus təyin olunsa belə bu xəstəliklərin etioloji müalicəsi olmadığına görə beynəlxalq təşkilatların tövsiyələrində laborator diaqnostikaya çox da yer verilmir.
Onu da əlavə edək ki, sözügedən xəstəliklər əsasən ev şəraitində müəyyən bir müddət ərzində öz-özünə sağala bilir. Lakin xroniki xəstəliyə malik və ya immun sistemi zəif olan insanlarda xəstəliyin ağırlaşma ehtimalı yüksəkdir.
Buna görə də kliniki simptomlarda aqresivləşmə hiss edilən xəstələrin həkimə müraciət etməsi mütləqdir. Belə xəstələr həkim-mütəxəssis tərəfindən zamanında dəyərləndirilməli, stasionar və ya ambulator müalicə qərarı verilməli, xəstəliyə ciddi nəzarət olunmalıdır.