25-ci “Bakutel 2019” sərgisi öz işinə başladı - Fotolar

25-ci-bakutel-2019-sergisi-oz-isine-basladi
Oxunma sayı: 1716

Bu gün Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, sərgi iştirakçılarını salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini - 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb. “İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi qabaqcıl texnoloji nailiyyətlərin və innovasiyaların təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oynayır”,- deyə nazir vurğulayıb.

R. Quluzadə çıxışının sonunda “BakuTel 2019” 25-ci Yubiley sərgisinin hər il olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
 
Qeyd edək ki, hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, həmçinin işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.

 Yubiley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. 11 ölkə tədbirə Milli pavilyonla qatılıb. 

Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif olunur.
 
“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək. 

Tədbir çərçivəsində “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdədir və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək.
 
4-5 dekabr tarixlərində “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək.
 
“Bakutel 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumu müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələrini nümayiş etdirir. “Azərpoçt” MMC, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Azərmarka” MMC, “Baktelecom”, Dövlət Radiotezliklər İdarəsi, İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinə məxsus stendlər bu il də seçilir.

Azərbaycanda ilk dəfə Avropa regionu Sürətli Poçt Rabitəsi Xidmətləri rəhbərlərinin beynəlxalq simpoziumu da məhz “Bakutel 2019” çərçivəsində keçiriləcək.

Nazirliyin dəstəyi ilə ən müasir robot modelləri və mütərəqqi texnologiyalar Robopark zonasında nümayiş olunur. 20-dən çox interaktiv və əyləncə zonasında, “VR Zone”, “Game Zone” və İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alıb və kiçik ziyarətçilər robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə edirlər. 
 
Roboparkda ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunur.
 
• Fransadan gətirilən dünyanın ən təhsilli, ən əyləncəli və akademik robotu Pepper humanoid
 
• Robot balıqlar
 
• Robot arm Kuka əsasında hazırlanan, dünyada cəmi 2 nüsxəsi olan Almaniya istehsalı məşhur Robot rəssam
 
• Taktiki hərbi kəşfiyyat robotu Spider
 
• Müxtəlif Sumo, Güləş və Dron yarışları
 
• Kosmo zonası
 
• 6 metrlik uçan astronavt
 
• Ən nəhayət, hamının sevimlisi İtaliyadan gələn pianoçu Robot TEOTRONİCO
  
Həmçinin sərgi günlərində işgüzar görüşlərin keçiriləcəyi və memorandumun imzalanacağı planlaşdırılır.
 
Bununla yanaşı, stendin ziyarətçiləri maraqlı viktorinalarda iştirak edir və MHM tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılır.

Yubiley sərgi çərçivəsində təşkil olunacaq önəmli tədbirlərdən biri də 2-ci Xəzər İnnovasiya Konfransıdır. 4 dekabr tarixində keçiriləcək konfrans “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.

“Bakutel 2019” sərgisi çərçivəsində həyata keçirilən sosial layihələrdən biri də “Danışan məktub” bədii filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olacaq.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən filmin bu versiyasının hazırlanmasında məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.
 
Tədbirin sonunda filmin yazıldığı disklər görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərə paylanacaq. Qeyd edək ki, tədbirin məhz 3-6 dekabrda baş tutacaq “Bakutel 2019” çərçivəsində keçirilməsində məqsəd bu ayın onlar üçün bütün dünyada çox böyük əhəmiyyət daşıması ilə bağlıdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü olaraq qəbul edib.