25-ci Beynəlxalq Biznes Forumla bağlı mətbuat konfransı keçirilib

25-ci-beynelxalq-biznes-forumla-bagli-metbuat-konfransi-kecirilib
Oxunma sayı: 1294

Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumla (İBF- İnternational Business Forum) bağlı Mətbuat Konfransı keçirilib.

Mətbuat konfransında İBF-in prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) qurucu rəhbəri Erol Yarar və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forumla bağlı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar. 

25-ci Beynəlxalq Biznes Forumun Bakıda keçirilməsi ilə bağlı bu ilin iyulunda KOBİA və İBF arasında Anlaşma Memorandumu imzalanıb. Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, KOBİA, MUSİAD və İBF-in təşkilatçılığı ilə keçirilir. Forum “Azərbaycan: Asiyanın incisi” şüarı ilə təşkil olunur.

Forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri iştirak edəcək. Noyabrın 15-də Bakı Konqres Mərkəzində baş tutacaq açılış mərasimində Azərbaycana investisiya qoyuluşu imkanlarına, xüsusilə də ölkəmizin kənd təsərrüfatı, sənaye, turizm sahələrində və Qarabağın investisiya potensialı, dövlət-özəl sektor tərəfdaşlığına (PPP) dair panellər, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaqdır. 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov: “25-ci Beynəlxalq Biznes Forumun Bakıda keçirilməsindən və KOBİA olaraq tədbirə dəstək göstərməkdən məmnunuq. Forum Azərbaycanın, o cümlədən 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağın iqtisadi və investisiya potensialının geniş investorlar auditoriyasına tanıdılması üçün əhəmiyyətli olacaqdır. Yerli və xarici investorlar arasında birbaşa əlaqələrin yaradılması, KOB-lar arasında yeni əməkdaşlıqların qurulması və birgə investisiya layihələrinin reallaşdırılması da forumun hədəfləri sırasındadır”.

İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar: “Azərbaycan turizm, kənd təsərrüfatı və səhiyyə sahələrində böyük potensiala malikdir. Bunu nəzərə aldıqda ölkələrimiz arasında ticarət həcmini daha da artıra bilərik. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etmiş Azərbaycan üçün Qarabağın iqtisadi inkişafı prioritet məsələlərdəndir. MUSİAD olaraq buna öz töhfəmizi vermək istəyirik və bu məqsədlə də 25-ci Beynəlxalq Biznes Forumu Azərbaycanda keçirməyi qərara aldıq. KOBİA ilə bu istiqamətdə bir ilə yaxındır ki, sıx əməkdaşlıq edirik”.