250 qram yağ, bir çörək və... ŞOK!

250-qram-yag-bir-corek-ve-sok
Oxunma sayı: 3449


Səhər yuxudan oyanıb yemək yedikdən sonra ilk işim bir neçə dəqiqəlik internetdə xəbərləri izləmək olur. Fikir vermişəm, səhərlər hansı ovqatla günə başlayırsansa, o əhval-ruhiyyə gün başa çatanadək səni müşayiət edir. Odur ki, daha səhər yuxudan oyanandan sonra internetə göz gəzdirmək, medianı izləmək adətimdən əl çəkməyə qərar verdim. Səbəb sadə idi: onsuz da ürəkaçan xəbər oxumayacaqdım. Ürəkaçan, adamda xoş ovqat yarada biləcək hadisələr baş vermir. Avtomobil qəzaları, ailə-məişət zəminində baş vermiş zorakılıqlar, qətllər və sair bu cür bəd xəbərlər adamın qanını necə qaraldırsa günü başa vurub yatağa girəndə də yuxun ərşə çəkilir. Saytların işıq sürətilə yaydığı qara-qura xəbərlərdən əməlli-başlı depressiyaya düşürsən... Hələ sənə həkim qətiyyən əsəbləşməməyi, mənfi auralı insanlardan, kədərli hadisələrdən uzaq durmağı tapşırıbsa işin lap çətin olur...

Səhər evimizin yuxarısındakı marketə getməli oldum. Bayram, istirahət günlərindən başqa bir də səhərlər həmin marketdə qələbəlik olur. Lazım olan ərzaqları alıb pulunu ödəmək üçün növbəyə dayandım. Düz qarşımda dayanan panamalı, arıq uzun kişini səsindən tanıdım. Professor Məhərrəm müəllim idi. Hörmətli müəllimi görməyimə şad oldum. Çünki Məhərrəm müəllim həm də böyük şəxsiyyətdir! Heç vaxt satılmadı, kimsəyə boyun əymədi, rüşvət almadı. Ona görə də tanıyanlar ona böyük rəğbət, hörmət bəsləyir.

Həmişə deyirdi ki, uşaqlarıma bir tikə olsun, haram çörək yedirtmədim. Yadımdadı, bir dəfə Məhərrəm müəllim yaxın qohumumuzu imtahandan kəsmişdi. Tələbənin atası bizim məhləyə yaxın yaşadığını bilən kimi dayımı da götürüb qiymət xahişi üçün Məhərrəm müəllimgilə getdi. Professor onlara “getsin, öyrənsin gəlsin, vaxt gələr mənə ya rəhmət oxuyar, ya da lənət” demişdi. İnanıram ki, həmin qohumum ona ömür boyu rəhmət oxuyacaq...

Professoru görməyimə sevindim, fikirləşdim ki, marketdən çıxandan sonra onunla salamlaşaram, hal-əhval tutaram, zənbilinə də kömək edərəm. Cəmi bir neçə saniyənin içərisində bütün sevincim yox oldu. Məhərrəm müəllim qəndi, çayı, südü, qatığı, yumurtanı, 250 qramlıq kərə yağını və iki çörəyi satıcının qarşısına düzdü. Satıcı hesabı dedi. Pul qabından 5 manat və xırda pullar çıxarıb saydı. Pulu çatmadı. Bir an fikirləşib çörəyin brini və yağı geri qaytardı. Qalanlarını sellofan torbaya yığıb ağır addımlarla marketdən çıxdı...

“Kaş elə evdə oturub saytlarda xəbərlərə baxardım. Kaş qanım lap betər qaralaydı, amma bu mənzərəni görməyəydim”-özümü bu cür qınaya-qınaya marketdən çıxdım. Professor küçəni dönüb gözdən itmişdi. Yaxşı ki məni görmədi. Heç hal-əhval tutmağa da ehtiyac qalmamışdı...

Evə gəldim, dilxor halda kompüterin qarşısında əyləşdim. Xəbərlərə göz gəzdirdim. İlk qarşıma çıxan bunlar oldu: “ŞOK! Gənc oğlan 60 yaşlı qadını qaçırtdı”; “İlan qıza vuruldu-ŞOK”... “Turn off” düyməsinə toxunub ayağa qalxdım. Bundan artıq “şok”a düşmək istəmədim...

Havaya çıxdım. Yasəmənlərin ətri həyətə yayılmışdı. Bir qucaq yığıb evə gətirdim. Güldandan otaqlara bir dünya sevinc bəxş edən bu bir qucaq yasəmənin gözəlliyi də məni bu fikirdən xilas edə bilmədi: Görəsən əsl “ŞOK” nədir: cavan oğlanın 60 yaşlı qadını qaçırtması, ilanın qıza vurulması, yoxsa o boyda professorun 250 qramlıq yağı və bir çörəyi geri qaytarması???