27 il həsrətlə gözlədiyimiz 27 sentyabrda nə itirdik, nəyi qazandıq?!

27-il-hesretle-gozlediyimiz-27-sentyabrda-ne-itirdik-neyi-qazandiq
Oxunma sayı: 2023

Bir il öncə bu gün yenə də 27 sentyabr idi. Ancaq sonradan həmin günün təqvimimizdən siləcəyi çoxsaylı anım günlərimizin olmasına baxmayaraq, keçən ilin 27 sentyabrı hələ ki, bu gün olduğu kimi anım günümüz deyildi. Bəs, 27 il həsrətlə gözlədiyimiz, ümumi olaraq hər birimizin qəlbinin dərinliklərində günlərin birində mütləq gələcəyinə adımız kimi əmin olduğumuz, ancaq konkret olaraq nə zaman baş verəcəyi ilə bağlı düşünməkdən qorxduğumuza görə o düşüncələrin üzərindən ötəri keçdiyimiz 27 sentyabr 2020-ci il bizə nə verdi?! Verdiklərinin müqabilində isə nəyi aldı?!

2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün ərzində ağsaçlı analarımızın oğulları, gözüyaşlı gəlinlərimizin həyat yoldaşları və hələ baş verənləri anlamayan körpələrimizin bu gün də gözləri ilə axtardıqları ataları olan üç minə yaxın cəsur igidlərimizi itirdik. Hələ minlərlə qazilərimizi demirəm. Bəli, üç min! Üç min oğul, üç min ata, üç min həyat yoldaşı, üç min qardaş, üç min dost və ən əsası üç min vətən övladı! Hesabını aparanda itirdiklərimizin sayının çox böyük olduğunu görürük. Bəs dəyərdimi bu qədər canı itirməyə?

Bəli, dəyərdi və əslində biz itirən deyil, qazanan olduq. Çünki, insan övladı üçün ən yüksək məqam olan şəhadət dərəcəsinə yüksələn o övladlarımızın yerində olmağa bütün varlıqları ilə çalışan onlarla, yüzlərlə və minlərlə dəfə çox igidlərimiz var idi və bu gün də var. İlk səhifəsi 27 sentyabrdan başlayan 44 səhifəlik şanlı zəfər kitabımız bizim milli kimlik təqvimimizə daxil olmaqla hər il böyük kədər və utanc hissləri ilə qeyd etdiyimiz çoxsaylı işğal tarixlərini oradan həmişəlik sildi. O 44 müqəddəs gün bizə otuz ilə yaxın bir dövrdə cavabsız qalmış çoxsaylı sualların cavablarını verdi! Bu dünyada haqqın və ədalətin olduğunu bilsək də, bizə onu harada və necə əldə etməyin yolunu göstərdi. Bizə bir daha dostumuzu və düşmənimizi nişan verdi. Otuz il ərzində düşmənin əsassız xəyanətlərinin, kininin, nifrətinin və vəhşiliklərinin və ədalətsiz dünyanın bunlara  səssizliyinin içimizdə topladığı qəzəbin və hiddətin alovunu püskürməyə imkan verdi. Bizə xalq və millət olaraq ən sonuncu nümayəndəmizə qədər dövlətimizin, ordumuzun və Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşərək təkcə Ermənistana deyil, dünyanın bütün ermənipərəst kəsiminə qarşı meydan oxumağa tarixi şans yaratdı.

Həmin möhtəşəm 44 gün ərzində baş verən hadisələrdən və onun nəticələrindən isə artıq bütün dünya məlumatlıdır. O dünya ki, orada müharibə etmək və sülh imzalamaq müəyyən qüvvələrin inhisarındadır. Elə həmin qüvvələrin gələcəyə hesablanmış mənfur planlarından biri olan keçmiş “Qarabağ münaqişəsi” kimi bir “Qordi düyünü”nün açılmasını otuz ilə yaxın gözlədikdən sonra onu kəsməklə həll etmək cəhdi ikili standartlara, ədalətsizliyə, hüquqsuzluğa və azərbaycanafobiyaya qarşı açıq şəkildə üsyan demək idi. Bəli, 44 gün ərzində baş verənlər bizim azadlıq və vətən müharibəmizlə yanaşı, həm də beynəlxalq hüququn tapdalanmasına, BMT qətnamələrinin ayaqlar altına alınmasına və müqəddəs islami dəyərlərin hər gün aşağılanmasına son qoymaqla bağlı bir ümumxalq üsyan idi. Biz hər şeyi özümüz öz gücümüzlə müharibə apararaq etdik və münaqişəni bitirərək regionun sülhə doğru qapılarını açdıq. Ancaq görünür ki, bizim bu sülh və barış təşəbbüslərimiz otuz ilə yaxın bir zamanda regionda münaqişəni daim alovlandırmaqla əslində Ermnənistanı özünün marionetkası etmək üçün dərin bir quyuya salmış qüvvələri ciddi təlaşlandırıb. Buna görə də, onlar bu illər ərzində uda bilmədiyi və boğazında ilişib qalan onun üçün haram olan tikəni yenidən Ermənistana vəd etməklə onun düşdüyü bataqlıqdan çıxmasına mane olaraq hər vəchlə Azərbaycanın regionda irəli sürdüyü sülh təşəbbüslərini boğmağa çalışırlar. Ancaq çifayda. Azərbaycan dövləti və ona rəhbərlik edən uzaqgörən siyasətçi, iti məntiqli lider və uğurlu diplomat olan Prezident İlham Əliyev şahmat taxtasında elə bir taktiki gediş edib ki, bunun sonu ya qarşı tərəfin sonuncu nəfərə qədər məğlubiyyəti, ya da bizim istəyimiz olan sülhə razılaşmaqdır. Həmişə olduğu kimi siyasi cığallığın nəticəsi olan digər bir yol isə fiqurları dağıtmaqdır ki, bunun da bədbin sonu ilk olaraq oyunu quranlara tam aydındır. Ancaq otuz il ərzində razılaşmadığımız və hazırki qalib durumumuzda da bizim üçün dəyişməz qalan bir qarış ərazimizin belə sərhədlərimizdən və təsir dairəmizdən kənarda qalması mümkünsüzdür. Çünki bizim üçün ulu babalarımızın ən ali miraslarından və öyüdlərindən biri budur ki, torpaqdan və vətəndən heç bir halda pay olmaz! Bu müqəddəs və dəyişməz öyüdə iki əsrlik yanlışlarımızdan dolayı itirdiklərimizdən sonra ilk dəfə adını Azərbaycanın şanlı zəfər tarixinə qızıl hərflərlə yazmış Prezident İlham Əliyev layiqincə əməl etdi. Bizi qədim xalq və ulu millət olaraq tariximizə, keçmişimizə və ən nəhayət özümüzə qaytardı. Burada bütün cəsur türk xalqlarının ulu babaları olan Hun imperatorluğuna dair bir ibrətamiz hadisəni yada salmaq tam yerinə düşərdi zənnimcə.

Müzəffər Ali Baş Komandan və qalib Prezident İlham Əliyevin ulu babalarından olan Mete xanın Hun imperatorluğuna yiyələnməsini həzm edə bilməyən Çin onun güclənməsinə imkan verməmək üçün hunlara hücum etməyə bəhanə axtarırdı. Ona görə də Mete xanın üzərinə hücum etmək üçün Çin müxtəlif planlar hazırladı. Hun sarayına elçi göndərib onun sevimli atını istədilər. Ölkədaxili problemləri demokratik yolla həll etməyə adət edən Hun sarayında bununla bağlı böyük bir qurultay keçirilir. Mete xan sarayının başbilənlərinə Çin hökmdarının istəyini çatdırır. Saraydakılar atın verilməsinin əleyhinə çıxırlar. Lakin Mete xan: "At mənimdir, mən onu verəcəyəm”, – deyir və sevimli atını Çin hökmdarına göndərir. Mete xanın bu hərəkətini qorxaqlıq hesab edən Çin hökmdarı bu dəfə vaxtilə Hun sarayına göndərilmiş şahzadənin verilməsini tələb edir. Mete xan yenə qurultay çağıraraq məsələni danışır. Bu dəfə də hamı Çinin təklifinə rədd cavabı verir. Amma Mete xan bunun da özünə aid olduğunu bildirib şahzadə xanımı Çinə göndərir. Çin Mete xanın bu hərəkətlərindən heyrətə gəlir. Hunların ən cəsur sərkərdəsi hesab edilən Mete xan bir-birinin ardınca onlara güzəştə gedirdi. Bu da Çin hökmdarında Hun torpaqlarını işğal etmək iştahı yaradırdı. Növbəti dəfə Hun sarayına göndərilən elçi Çinlə sərhəddə yerləşən bir ərazinin verilməsini tələb edir. Yenə də Mete xan qurultay toplayır və onların məsələ ilə bağlı fikirlərini soruşur. Qurultay iştirakçıları: "Ey hökmdar, o torpağı ver, getsin. Onsuz da ora daşlıq və qayalıqdan ibarətdir və orada heç ot da bitmir”,- deyirlər. Mete xan isə bunun mümkün olmayacağını bildirir. Belə olduğu halda qurultay iştirakçıları ona deyirlər: "Axı sənin ən sevimli atını istədilər, verdin. Ən sevimli çinli şəhzadəni istədilər, verdin. Bəs indi bir parça ot bitməyən daşlıq və qayalıq ərazinin verilməsinə niyə razı olmursan?” Mete xanın onlara cavabı çox ibrətamiz olur. O deyir: "Atımı istədilər, verdim. Çünki mənə məxsus idi. Şəhzadəni istədilər, verdim. Çünki onun üzərində hökmran mən idim. Amma torpaq millətimizin və xalqımızındır və babalarımız onu qan axıtmaqla qoruyublar. Millətin malını isə heç kimə vermərəm. Torpaq istəyənlərə bircə cavab var: Onlarla savaşa girmək. Ona görə də əmr verirəm: Hazırlaşın, düşmən üzərinə gedirik!”

Bəli, biz də 44 gün ərzində Qarabağımızı və vəhşi düşmənlərdən azad etdiyimiz digər bütün ərazilərimizi müzəffər Ali Baş Komandanımız İlham Əliyevin də dəfələrlə dediyi kimi cəsur və igid övladlarımızın qanı və canı bahasına qaytardıq. Müqəddəs şəhidlərimizin və cəsur qazilərimizin qanı ilə yuyulan o torpaqlar bizim üçün toxunulmazdır. Qoy bundan sonra 27 sentyabrdan başlayaraq 44 gün ərzində azad etdiyimiz həmin torpaqların hər qarışını göz bəbəyimiz kimi qoruyacağımızı bütün dünya bilsin.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov