Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası cari ilin altı ayı ərzində 2016-cı ilin İş planına aid 42 nəzarət tədbirinin başlanılması və 19 tədbirin nəticələri ilə bağlı qərar qəbul edib.
“Qafqazinfo”nun Hesablama Palatasına istinadən məlumatına görə, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 17-si audit, 2-si isə analitik təhlil işləri olub, eyni zamanda, hesabat dövründə 2015-ci ilin İş Planına aid 2 audit tədbirinin nəticələri üzrə qərarlar təsdiq edilib.
2016-cı ilin İş planına əsasən dövlət büdcəsi xərcləri üzrə 15, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb olunmuş vəsaitlərlə bağlı 1, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin istifadəsi ilə bağlı 1 audit tədbirinin nəticəsi üzrə qərar qəbul olunub. Audit tədbirlərinin 9-u Bakı şəhərində, 8-i isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb.
Nəticəsi ilə bağlı Kollegiya Qərarı qəbul olunmuş auditlərdə əsasən 2014-2015-ci illər üzrə olmaqla müxtəlif nöqsanlar müəyyən olunub. Nöqsanların təsnifatı üzrə qruplaşdırdıqda həmin nöqsanların 50,2%-i büdcə qanunvericiliyinin, 13,4%-i dövlət satınalmaları, 11,5%-i mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması, 8,8%-i sosial müdafiə və sosial təminat, 6,9%-i dövlət investisiya xərcləri, 2,7%-i vergi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı olmuş, nöqsanların 6,5%-ni ayrı-ayrı istiqamətlər üzrə müxtəlif xarakterli nöqsanlar təşkil edib.
Həmçinin nəzarət tədbirləri ilə büdcə vəsaiti hesabına alınmış müxtəlif inventar və avadanlıqlar anbarda uzun müddət istifadəsiz saxlanılması, əvəzsiz verilmiş məhsulların alınmasına vəsait yönəldilməsi, zərurət olmadan və qısa müddət ərzində xidmətlərin təkrarlanması, müxtəlif xidmətlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edilməməsi, real tələbata, həmçinin faktiki xərcə uyğun olmayan alış və xidmətlərə görə xərclərin aparılması kimi hallara yol verilməklə ümumilikdə 4,1 mln. manat və 2,9 mln. ABŞ dolları büdcə vəsaitinin səmərəli istifadə olunmadığı müəyyən edilib.
2016-cı ilin 6 ayı ərzində Hesablama Palatası tərəfindən nəzarət tədbirlərinin nəticələri üzrə 21, o cümlədən 2015-ci ilin İş planı üzrə müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədilə 1 Təqdimat, həmçinin ötən ildə həyata keçirilmiş auditin nəticələri əsasında xəzinə hesablarının bağlanılması ilə bağlı 1 Təqdimat verilib.
2016-cı ilin İş planına uyğun nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri, həmçinin 2015-ci ildə fəaliyyətlə bağlı Hesabata daxil edilməmiş audit tədbirləri üzrə Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı aparılmış tədbirlərin nəticəsi olaraq müvafiq olaraq 2,5 mln. manat və 3,8 mln. manat məbləğində, ümumilikdə isə 6,3 mln. manat məbləğində vəsait dövlət büdcəsinə, 23,5 min manat məbləğində vəsait büdcədənkənar fondun büdcəsinə bərpa edilib.
Nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 111 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilib, o cümlədən 4 nəfər işdən azad edilib.
Son xəbərlər
Son Xəbərlər