3 ildir ki, aliment ödəmir...

3-ildir-ki-aliment-odemir
Oxunma sayı: 3938

Binəqədi rayonunda Bakı Slavyan Universitetinin 4 saylı yataqxanasında məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün Səfurə Aslanova 3 ildir boşandığı həyat yoldaşından aliment ala bilməməsinə görə Ədliyyə Nazirliyinin icra məmurunu ittiham edir.

S.Aslanova “Qafqazinfo”ya müraciətində bildirib ki, Binəqədi rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli qərarına əsasən əkiz övladlarım - Hüseyn və Zeynəbin 18 yaşa çatanadək saxlanması üçün atası, Loğman Aslanovdan hər ayda 103 manat, cəmi iki uşağa 206 manat aliment tutularaq ona ödənilməlidir. Hal-hazırda Binəqədi məhkəməsi aliment 234 manat olmaqla, dəbbə və faiz pulu hesablanıb. Məhkəmə qərarı icra edilməsi üçün Binəqədi İcra Şöbəsinə göndərilib və icra edilməsi icra məmuru Süleymanov Turala həvalə edilib: “İcra məmuru Tural Süleymanov icra haqqında qanunun tələblərinə əməl etmədiyindən bu günə qədər aliment pulu ödənilməyib. Onun hərəkətsizliyi, alimentin ödətdirilməsində bürokratik əngəlliklər yaratmaqla iki uşağın maddi cəhətdən talehini pis vəziyyətdə qoyur. Mənim prezident İlham Əliyevə müraciətimdən sonra Binəqədi rayon Məhkəməsinə təqdimat göndərilib. Məhkəmənin qətnaməsi ilə Loğman Aslanov 7 gün müddətinə inzibati qaydada həbs edilib”.

S.Aslanova qeyd edib ki, bundan sonra məhkəmə onların evliykən yaşadıqları evə köçürülməyimə dair qərar verib: “Loğman kilidi dəyişdirib məni və uşaqlarımı evə buraxmırdı. Binəqədi Polis Şöbəsinin köməkliyi ilə açarın alınıb verilməsini üçün üçün icra şöbəsinə getdim. Loğman Aslanov həbsdə olduğu halda qanunu bilmədiyim üçün, qadın olmağımı, az yaşlı iki uşağın maddi vəziyyətini, 3 il ərzində aliment pulunu ödətdirmədiyini nəzərə almayan icra məmuru Tural Süleymanov öz diktəsi ilə mənə ərizə yazdırdı. Ərizədə aliment haqqında yazılmadığı üçün başa düşməmişəm. T.Süleymanovun hərəkətləri barədə şikayət məktubu yazdıq. Qərar bu ilin martın 4-də icra olunması üçün yenidən şöbəyə qaytarılıb. Atam mayın 16-da Baş İcra Məmuru Nurəddin Mustafayevin qəbulunda olub və mənim ərizəmi Baş Məmura təqdim edib. Amma hələ də heç bir addım atılmayıb. Dəfələrlə yazılı və şifahi olaraq Loğmanın iş yeri haqqında Tural Süleymanova şəxsən məlumat vermişik, lakin heç bir nəticəsi olmayıb”.

Səfurə Aslanova məsələ ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək bildirib ki, icra məmurunun məsuliyyətsizili və işini görməməsinə görə hazırda 2 azyaşlı uşağını böyüdə bilmir: “Hal-hazırda uşaqların 10 yaşı var. Uşaqların təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı,həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. İşləmirəm, qaçqınlara verilən çörək pulu və atamın cüzi köməyi ilə indiyə kimi çox çətinliklə uşaqları böyütmüşəm. Atamın ixtisarla əlaqədar işləməməsi çətin olan vəziyyətimizi daha da çətinləşdirib. Aliment borcunun 7000 manata qədər ödətdirilməməsi, dövlət məmurunun vətəndaşlarla yarıtmaz münasibətlərinə və gələcək kapitalımız olan uşaqlara qarşı ögey münüsibəti nəzərə alacağınıza əminəm.
Odur ki, ödətdirilməmış 7000 manata qədər aliment borcunun və təqsirkar şəxslər barədə tədbir görməyinizi xahiş edirəm.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, S.Aslanovanın müraciəti “Qaynar xətt”ə daxil olub və araşdırılması üçün tapşırıq verilib: “Məsələ nazirliyin diqqətindədir, hazırda araşdırma aparılır. Proses başa çatdıqdan sonra nəticə barədə məlumat veriləcək”.

Murad Əhməd