“30 il boyunca dağıdılan tarixi abidələrimiz onları maraqlandırmırdı”

“30 il boyunca dağıdılan tarixi abidələrimiz onları maraqlandırmırdı”
Oxunma sayı: 867

“Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi dağıntılarla bağlı beynəlxalq qurum və təşkilatlar məlumatlandırmışıq. Məsələni xüsusən UNESCO-da gündəmə gətirdik”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartla yanaşmalarından söz açıb:

“Təəssüf ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu məsələdə səssizliklərini qoruyurdular, gözlədiyimiz reaksiyanı vermirdilər.

Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra ikili standartlar daha çox ortaya çıxdı. Azərbaycanın İslam mədəni irsinin onlar üçün xristian irsindən daha az əhəmiyyət kəsb etdiyini gördük.

Torpaqlar işğaldan azad olunduqdan sonra eyni təşkilatlar Qarabağdakı xristian mədəni irsi ilə bağlı narahatlıqlarını dilə gətirdilər. Sanki 30 il boyunca dağıdılan tarixi abidələrimiz onları maraqlandırmırdı. Bunu təəssüflə qarşıladıq. Bu, ikili standart idi, Azərbaycan bunu qəbul etmədi”.

Nazir vurğulayıb ki, işğal altındakı bölgələrdə dövlət qeydiyyatında olan 706 tarixi və mədəni abidə olsa da, işğaldan azad olunduqdan sonra onların 95 faizinin dağıdıldığı təsbit edilib.