34041 abituriyent imtahan verəcək

34041-abituriyent-imtahan-verecek
Oxunma sayı: 835

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 242 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2728 nəzarətçi-müəllim cəlb olunacaq.

Məlumat üçün bildirək ki, imtahanda 34041 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17888 abituriyent II qrup üzrə, 16153 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16009, III qrup üzrə 15028 nəfər), 3004 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1879, III qrup üzrə 1125 nəfər) məzunudur.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 8-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.