İkinci sinif şagirdi olan qızımın dərsləri günorta başladığı üçün çox vaxt onu məktəbə mən aparıram. Doğum günümü unutmayan dostların təbriklərini qəbul etdiyimdən bu gün evdən bir az gec çıxdıq. Avtobus dayanacağına çatanda Xədicəyə xəbərdarlıq etdim: “Qızım, bu gün məktəbə gecikəcəyik”.
Uşaq dilxor oldu: “Yox, ata, mən dərsə gecikmək istəmirəm”.
Onu sakitləşdirməyə çalışdım: “Müəlliməyə deyərsən ki, atamın işi çox olduğu üçün evdən gec çıxdıq. Bir daha gecikməyəcəyik”.
Xədicə böyüklərə xas olan əda ilə başını bulayıb, məndən soruşdu: “Ata, biz niyə maşın almırıq?”
Ona həqiqəti söylədim: “Qızım, indi qayğımız çoxdur. İnşallah, qardaşın da, sən də ali məktəbə qəbul olunandan sonra ürəyiniz istədiyi maşını alacağıq”.
O, mehriban baxışlarını üzümdə gəzdirib, belə dedi: “Ata, maşın alanda pulun çatmasa, maaşımın hamısını sənə verərəm”.
Qəlbim qürur hissi ilə doldu. Əlimi onun saçında gəzdirdim: “Mənim ağıllı balam...” Qəhər boğduğu üçün sözümün davamını gətirə bilmədim...
Bu vaxt yanımızda bir “Mercedes” dayandı. Sürücü pəncərədən başını çıxarıb, məni səslədi: “Müəllim, buyurun əyləşin”.
Əvvəlcə tərəddüd etdim: “Xahiş edirəm, əziyyət çəkməyin. İndi avtobusumuz gələcək”.
Oğlan əl çəkmədi: “Heç bir əziyyəti yoxdur. Sizə bir jurnalist kimi böyük hörmətim var. Hara istəsəniz, canla-başla aparacağam”.
İkinci növbədə dərsin başlanmasına az qaldığı üçün inad etmədim. Xədicə ilə birlikdə maşına əyləşəndən sonra sürücü mühərriki işə saldı. Yenə dil-ağız elədim: “Sizə də əziyyət oldu”.
Oğlan əl-ayağa düşdü: “Xahiş edirəm, bunu ağlınıza gətirməyin. Düz söz danışan insanlara hörmətim var”.
Qeyri-ixtiyari soruşdum: “Məni efirdən tanıyırsınız?”
Sürücü bir anlıq gözünü yoldan ayırıb, diqqətlə məni süzdü: “Son vaxtlar sizi efirdə tez-tez görürəm. Amma imzanızı çoxdan tanıyıram. İnternetdə çıxan bütün yazılarınızı oxuyuram”.
Tanımadığım adamdan bu sözləri eşitmək məni xeyli məmnun etsə də, söhbəti dəyişməyi lazım bildim. Bir qədər də gün-güzərandan, dolanışıqdan danışdıq. Metronun “Neftçilər” stansiyasına çatanda sürücüdən maşını saxlamasını xahiş etdim. Amma o, ara küçəyə daxil olub, qızımın təhsil aldığı orta məktəbə doğru istiqamət götürdü...
Biz məktəbin qarşısında sağollaşıb ayrılanda ikinci növbədə dərsin başlanmasına hələ 10 dəqiqə vardı. Dərsə gecikmədiyi üçün Xədicə çox sevinirdi. Məktəbin həyətində o, qolumdan yapışdı: “Ata, səninlə fəxr edirəm...”
Yenə qəlbim qürur hissi ilə doldu. Ad günümdə mənə və qızıma bu sevinci yaşatdığı üçün tanımadığm o cavan oğlana ürəyimdə təşəkkür etdim.
Xədicəyə diqqətli olmağı və müəlliməsinin sözündən çıxmamağı tapşırandan sonra redaksiyaya üz tutdum. Bu vaxt telefonuma yenə zəng gəldi. Amma bu dəfə cavab verməyə tələsmədim. Çünki 39 yaşın ən qiymətli hədiyyəsini bir az əvvəl almışdım. Həm də doğum günümdən xəbəri olmayan sadə bir oxucudan...
Son xəbərlər
Son Xəbərlər