“Huawei” şirkəti İngiltərədə “Mate 20 Lite” smartfonunu təqdim edib.
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu cihaz “Mate 20” flaqman modelinin sadələşdirilmiş versiyasıdır.
“Mate 20” ilə “Mate 20 Pro” flaqman modelləri isə bu ayın ortasında təqdim olunacaqlar.
Xarici görünüşcə “Mate 20 Lite” modeli keçən ilki “Mate 10 Lite”dan fərqlənir. Smartfonlar həmçinin texniki özəlliklərə görə də fərqlənirlər. Yeni model nazik çərçivələrə sahib ekran, yeni prosessor, ikili arxa kamera və böyük həcmli batareya ilə təchiz olunub.
“Mate 20 Lite” 19.5:9 nisbətli 6.3 inç Full HD+ keyfiyyətli LTPS ekrana sahibdir. Ekranın yuxarı hissəsində yeni trend ənənəsinə uyğun olaraq çıxıntı hissə var. Həmin çıxıntı hissədə isə danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər, ön kameralar və müxtəlif sensorlar yerləşdirilib. Smartfonun arxa paneli isə şüşədən hazırlanıb və ikili arxa kamera ilə barmaq izi skanı texnologiyasına sahibdir.
Əsas texniki gösətiricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 710 prosessoru, Mali-G51 MP4 qrafik prosessor, 4 GB RAM, 64 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), 20 MP (f/1.8 diafraqmalı) + 2 MP ikili arxa kamera, 24 MP (f/2.0 diafraqmalı) + 2 MP ikili ön kamera və sürətli enerji yığma texnologiyalı 3750 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Qeyd etmək lazımdır ki, “Mate 20 Lite” modelinin prosessoru həmçinin ayrıca süni zəka blokuna da sahibdir. Süni zəka texnologiyası gün ərzində smartfonun EMUI 8.2 interfeysində yaxşı keyfiyyətli fotoların əldə olunması üçün çalışır. Smartfon “Android 8.1 Oreo” əməliyyat sistemi vasitəsilə çalışır.
Smartfon bu ilin oktyabr ayında 490 dollar qiymətində satışa çıxacaq.
Son xəbərlər
Son Xəbərlər