Bu gün Ələt-Astara yolunun Salyan rayonu hissəsində baş verən və 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı yeni məlumat daxil olub.
Qəzaya düşən “Mercedes” markalı mikroavtobusun sürücüsü Elturan Fərəcovun vəkili Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat Şöbəsində araşdırma aparılır:
“Mən bu gün Elturan Fərəcovla müqavilə bağlayıb onun vəkili kimi işə qoşuldum. Birlikdə istintaqa getdik, mən işi aparan müstəntiq Qəzənfərə orderi də təqdim etdim. Amma müstəntiq Elturan Fərəcova təzyiq edir, işi onun üstünə yıxmaq istəyir. Mən buna etiraz edib qanunla ifadə verməyə məcbur olmadığını bildirdim. Qəzənfər və digər müstəntiq Şəhriyar Əliyev order təqdim etməyimə baxmayaraq mənə təzyiq göstərərək zor gücünə çölə çıxartdılar. Elturan Fərəcovun ifadəsi vəkilin iştirakı olmadan alındı. Mənim zorla uzaqlaşdırılmağım barədə qeyd verməyimə də imkan vermədilər. Mən otaqdan çıxandan sonra Elturandan tələb ediblər ki, məndən imtina etsin.
Sonra isə şöbənin rəisi məni və Elturanı otağına çağırtdırdı. Məni müstəntiqlərin qarşısında düzgün oturuş tərzimi bilmədiyim üçün Vəkillər Kollegiyasına şikayət etməklə təhdid etdi, Elturan Fərəcovu isə həbslə hədələdi.
Bundan başqa, qoşqulu “KamAZ” markalı yük maşınının sürücülük vəsiqəsi düzgün deyil. Onun qoşqulu avtomobil idarə etmək hüququ yoxdur. İdarə etdiyi yük maşınının da sənədləri qaydasında deyil.
Hadisənin isə qoşqulu “KamAZ” markalı avtomobilin sürücüsünün günahı ucbatından baş verməsi ehtimal edilir. Belə ki, həmin maşın önündə hərəkət edən digər yük maşınına arxadan dəyib. Bu zaman qoşqulu “KamAZ”ın arxası ilə hərəkət edən “Mercedes” markalı mikroavtobusun sürücüsü qəzadan yayınmağa çalışsa da, yük maşınına dəyib. Bu barədə videogörüntülər də var.
Amma qoşqulu “KamAZ”ın sürücüsü ifadəsində deyib ki, öncə “Mercedes” ona, sonra isə o öndəki yük maşınına dəyib. İstintaq da bu ifadəni əsas götürüb ittihamı Elturanın üstünə qoymaq istəyir”.
C.Rzazadə qeyd edib ki, şöbədə üzləşdikləri barədə Ombudsman Aparatına da məlumat verib.
Qeyd edək ki, qəza nəticəsində 4 nəfər vəfat edib.
Məsələ ilə bağlı qarşı tərəfin rəyini öyrənməyə çalışsaq da, iş gününün sonu olduğuna görə cəhdlərimiz nəticəsiz qalıb.
Murad Əhməd
Fotoda: Qoşqulu “KamAZ”ın sürücüsü:

Son xəbərlər
Son Xəbərlər