İstanbulda YUNESKO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası öz işinə başlayıb.
"Qafqazinfo" xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin baş məsləhətçisi Təranə Qəmbərova, milli ekspert, memar Rizvan Bayramov, həmçinin Azərbaycan Respublikasının YUNESKO üzrə Mili Komissiyasının birinci katibi Gülnarə Ağalarova təmsil edir.
2015-ci ilin 18 noyabr tarixində Komitəyə üzv seçilən Azərbaycan iclasda qəbul ediləcək qərarlara və müzakirə olunacaq məsələlərə münasibət bildirən əsas ölkələrdən biri olacaqdır.
İyul ayının 10-dan 20-dək fasiləsiz davam edəcək sessiya çərçivəsində Ümumdünya İrs Siyahısında qeydiyyata alınan dünya üzrə 1031 bölgədən 156-sının qorunma vəziyyəti ilə bağlı hesabatlar nəzərdən keçiriləcək. Təhlükə altında olan Ümumdünya İrs Siyahısına daxil olan bölgələrin mövcud vəziyyəti müzakirə olunacaq və Tentativ Siyahıya baxılacaqdır.
Ümumdünya İrs Siyahısına 29 yeni nominasiya faylı təqdim edilmişdir. Sessiyaya üzv və tərəfdaş dövlətlərin nümayəndələri, YUNESKO-nun yüksək səviyyəli rəhbərləri, YUNESKO məşvərətçi orqanlarının bütün rəsmiləri, mədəni və təbii irs üzrə ekspert və akademiklər daxil olmaqla təxminən 2000 iştirakçı dəvət olunub.
Komitənin bu dəfə ki sessiyasının ən vacib çağırışlarından biri son illərdə münaqişə regionlarında mədəni irsə qarşı dağıdıcı fəaliyyətlərin pislənilməsi və üzv ölkələrin bu kimi təcavüzkar və vandalizm fəaliyyətlərinin qarşısının alınmasında sıx əməkdaşlıq etməsidir.
Komitənin açılış mərasimində Türkiyə Respublikasının baş nazirinin müavini Numan Kurtulmuş, YUNESKO-nun baş direktoru İrina Bokova, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı və digərləri çıxış edərək mədəni irsin və tarixi abidələrin bəşəriyyətin ən vacib dəyərlərindən olduğunu və onları birlikdə qorumağın əhəmiyyətini qeyd ediblər.


Son xəbərlər
Son Xəbərlər