40 yaşın mübarək, 19 yaşlı qəhrəman!

40-yasin-mubarek-19-yasli-qehreman
Oxunma sayı: 3287


Millət vəkili  Qənirə Paşayevanın  rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Ermənistanla ön cəbhədə yerləşən N saylı hərbi hissədə Azərbaycanın ən gənc Milli qəhrəmanı Cavanşir Rəhimovin həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən “Cavanşir” filminin təqdimatı olub. 

“Qafqazinfo” xəbər verir ki,Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə “Yaddaş” sənədli filmlər studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən hazırlanan sənədli filmin  rejissoru Kamalə Musazadədir.  Şəhidlərimiz  bir dəqiqəlik sayğı duruşu ilə yad edildikdən sonra hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov qəhrəmanlarımız haqqında filmlərin  hərbi hissələrdə təqdimatını yüksək qiymətləndirib. Azərbaycanın Milli qəhrəmanı  Cavanşir  Rəhimovun həyat və qəhrəmanlıq yolundan danışan millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi təşkilatın mütəmadi olaraq qəhrəmanlarımız haqqında filmlər hazirladığını və qəhrəmanlarımızdan bəhs edən filmlərin hərbi hissələrdə təqdimatını təşkil etdiyini vurğulayaraq qəhrəmanlarımız haqqında filmlərin vaxtaşırı hərbi hissələrdə  yeni gələn əsgərlərə göstərilməsinin vacibliyinə  toxunub.  Cavanşir Rəhimovun Azərbaycanın ən gənc Milli Qəhrəmanı olmasını  xüsusi  vurğulayan millət vəkili Qənirə Paşayeva o şəhidlik zirvəsinə yüksələndə və Milli qəhrəman adına layiq görüləndə 19 yaşında yəni sizin çoxlarınız yaşında idi. Bu igidlik bizim gənclər üçün, hamımız üçün  örnək olmalıdır. 

Qeyd edək ki, Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov 5 İyun 1973-cı ildə Qax rayonunda anadan olub. Valideynləri ilə birlikdə  Bakının  Qaraçuxur qəsəbəsinə köçüblər.  Ilk  təhsilini  Qaraçuxurdakı 104 saylı orta məktəbdə alıb. İdmanın bir neçə növü ilə məşğul olan Cavanşir Rəhimov Azərbaycanın və keçmiş SSRİ-nin müxtəlif şəhərlərində keçirilən yarışlarda qalib olub. 1988-ci ildə milli azadlıq hərəkatında yeniyetmə Cavanşir də iştirak edib. 1992-ci il mayın 26-da  Cavanşir könüllü olaraq hərbi xidmətə gedib. Yüksək fiziki hazırlığına görə onu Zabrat Aviasiya müəssisəsinin ilk hərbi vertolyot eskadrilyasına qəbul ediblər. Iyunun 12-də Cavanşir Rəhimov Qaladakı N saylı hərbi hissədən vertolyotdan bortatıcı  kimi  Qarabağ bölgəsinə yollanıb. Cavanşirin ilk döyüş yolu Ağcabədidən başlayıb. Ağdərə, Tərtər, Ağdam, Füzuli, Laçın, Qubadlı bölgələrindən yaralıların çıxarılmasında, meyidlərin daşınmasında fəal iştirak edərək, düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etməkdə böyük igidliklər göstərib. Avqustun 6 da Ağdərədə  gedən ağır səma döyüşlərindən birində Cavanşir Rəhimov qəhrəmanlıqla şəhid olub. Onu Bakıdakı Şəhidlər Xiyabanında dəfn ediblər. Şəhid Cavanşir Rəhimova 1992-ci ildə  Azərbaycanın Milli Qəhrəmanı adı verilib.