400 minlik qalmaqalla bağlı - Açıqlama

400-minlik-qalmaqalla-bagli-
Oxunma sayı: 3098

Milli Şuranın aprelin 5-də keçirilən Koordinasiya Mərkəzinin iclasında yazıçı-publisist Mehriban Vəzir şura üzvlüyündən çıxarıldı. Məsələ ilə bağlı Mehriban Vəzir bildirmişdi ki, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının 18-ci ümumi yığıncağından sonra Ümumi Şuraya üzv seçilən Oqtay Gülalıyev Milli Şura rəhbərliyinə sosial şəbəkədə müraciət ünvanlayıb.

Müraciətdə bildirib ki, bütün müqavimətə, antitəbliğata, ayrılan 400 min manata baxmayaraq, hakimiyyət şura və Monitorinq Qrupu seçkilərində məğlubiyyətə uğrayıb. M. Vəzir onu da söyləyib ki, koalisiyanın şura üzvü, eyni zamanda sabiq koordinatoru Əliməmməd Nuriyevi bu məsələ ilə bağlı məlumatlandırıb və 400 min manat vəsait, eləcə də digər ittihamlara izah tələb edib. Daha sonra onu Milli Şura üzvlüyündən çıxarıblar.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı musavat.com Əliməmməd Nuriyevlə əlaqə saxlayıb. Ə. Nuriyev bildirdi ki, Oqtay Gülalıyevdən söylədikləri fikirləri faktlarla sübut etməsini tələb edir: “O açıqlamasını müəyyənləşdirsin ki, görək hakimiyyət koalisiyaya vəsaiti necə və kimlərə verir? Əlbəttə ki, bu fikirlər yalnız böhtandan ibarətdir. Onu da qeyd edim ki, beynəlxalq təşkilatlar tövsiyələrində bildiriblər ki, koalisiya maliyyələşdirilsin. Bütün bunlara baxmayaraq, biz konfransımızı uzun müddət idi ki, keçirə bilmirdik.

Bu zaman bir çox beynəlxalq donorlara və Dünya Bankına da müraciət etmişdik. Lakin heç bir müsbət cavab almadıq. Hələ Qubad İbadoğlunun zamanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciətlə bağlı məsələ müzakirə olunmuşdu. Sadəcə olaraq, həmin zaman müsabiqəyə çata bilməmişdik. O zaman da konfransımızı keçirə bilmədik. 2015-ci ilin sonunda da konfransımız baş tutmadı. Nəhayət, şura tərəfindən bizə tədbirin keçirilməsi üçün 7 min 500 manat maliyyə ayrıldı.

Bütün bu proseslərlə bağlı koalisiyaya müraciət etdik. Ancaq həmin zamanlarda maliyyə məsələləri ilə bağlı heç kim bir kəlimə belə danışmadı. Əgər bu insanlar söylədikləri vəsaitlərdən xəbərdar idilərsə, bunu konfransdan öncə niyə demədilər? Təbii ki, bu, sadəcə olaraq, gülünc bir iddiadır. Yaxud da çox igid insanlar idilərsə, deyərdilər ki, konfransa gəlmək istəmirik. Konfransımız çox yüksək səviyyədə keçirildi. 115 nəfər nəzərdə tutmuşduq, ancaq 158 nəfər gəldi. Həm beynəlxalq təşkilatlar, diplomatik nümayəndələr, həm də dövlət orqanlarından çoxsaylı qonaqlar var idi. Görünür, kimlərsə buna görə iftira xarakterli məlumatlar yayırlar”.

Ə. Nuriyev onu da bildirdi ki, ümumi yığıncaq zamanı çoxsaylı çıxışlar edərək siyasi təşkilatların bu prosesdə iştirakının gələcəkdə də yolverilməz olduğunu söyləyib: “Onlar koalisiyanın fəaliyyətinə bu və ya digər formada müdaxilə etməyə çalışıblar. Sadəcə olaraq, qismən buna nail olublar. İndi də Oqtay Gülalıyevin məktubundan görünür ki, bu kimi cəhdlər davam edir. Biz məktubda yazılanlara, o cümlədən 400 min vəsait məsələsinə izahat tələb edirik. Lakin hələ də bununla bağlı bizə izahat vermirlər. Əgər izahat verilməsə, müvafiq strukturlara müraciət etmək məcburiyyətində qalacağıq. Çünki bu, şura və koalisiya üzvlərinə müraciətdə böyük bir böhtandır. 2013-cü ilə qədər koalisiya 110 min dollara qədər qrant alıb. Ancaq mənim koordinator olduğum son illərdə bu vəsaitlər olmadı. Büdcəmiz sıfır səviyyəsində idi. Belə olan halda əlbəttə ki, bir daha deyirəm ki, bu cür ittihamlar irəli sürən insanlar cavab verməlidirlər”.

Əliməmməd Nuriyevə görə, kimlərsə düşünürlər ki, Dünya Bankı Azərbaycanda koalisiyanın inkişafı ilə bağlı vəsaitlər ayıra bilər: “Əslində mübahisələrin bəzilərinin arxasında bu məsələ var. Hər cür şərait yaradılmışdı ki, koalisiyanın tədbirində hər kəs iştirak etsin. Belə olan halda, görəsən, vəziyyətin gərginləşməsində maraqlı olan tərəflər ”kimin dəyirmanına su tökür"? Bunlar nə etmək istəyirlər? Belə qarayaxmalar olmamalıdır. Ya onlar söylədiklərini sübut etməli, ya da siyasi mədəniyyət nümayiş etdirərək, bu proseslərdən kənarlaşmalıdırlar. Əks halda, hüquq-mühafizə orqanlarına ittihamlarla bağlı müraciət edəcəyik. Mehriban xanımı da təbrik edirəm ki, Milli Şuradan öz canını qurtardı. O, bir xanım olaraq böyük ləyaqət və cəsarət nümayiş etdirdi ki, yanlış informasiya ilə bağlı ictimaiyyəti məlumatlandırdı. Bu çox cəsarətli bir addımdır".

Ə. Nuriyev baş verənlərin seçkinin legitimliyini şübhə altına aldığını da dedi: “Artıq hər şey şübhə altına alınıb. Hərgah ki, ümumi yığıncaqda seçkilər azad keçirildi. Səsvermə prosesi zamanı hesab edirəm ki, heç bir pozuntu olmayıb. Nə baş veribsə, bu, seçkilərdən öncə olub. Oqtay Gülalıyevin də məxsus olduğu quruma hesabat xarakterli məktubu bir çox şübhələrin yaranmasına əsasdır. Məni təəccübləndirən odur ki, Oqtay Gülalıyev məktubunda 50+1 deyə nəzərdə tutduğu adamlar da bu məsələ ilə bağlı susurlar. İnanmıram ki, onlar hansısa formada bu proseslərdən məlumatlı olublar. Hər halda, onlar məsələ ilə bağlı fikir bildirməlidirlər. Düşünürəm ki, biz koalisiyanın birliyi naminə çalışmalıyıq ki, kim siyasi fəaliyyətlərdə aktiv olmaq istəyirsə, onlar koalisiyanın işinə mane olmayıb, siyasi müstəvidə fəaliyyətlərinə davam etsinlər. Bu illər ərzində koalisiyada bir şeyi də müşahidə etdim ki, o yerdə ki, peşəkarlıq tələb olunurdu, susqunluq müşahidə edilirdi. İntriqa şəraitində isə geniş müzakirələrin şahidi olmuşam. Buna çox təəssüf edirəm”.

Qeyd edək ki, məsələ ilə bağlı Oqtay Gülalıyev musavat.com-a açıqlamasında bildirib: “Hesab edirəm ki, bağlı qrupda yazılan və deyilən fikirlər kənar müstəvilərdə müzakirə olunmamalıdır. Kimsə onu müzakirəyə çıxarırsa, bu, onun öz məsuliyyətidir”.