44 beynəlxalq təşkilat zülfüqarlılarin müdafiəsinə qalxdı

44 beynəlxalq təşkilat zülfüqarlılarin müdafiəsinə qalxdı
Oxunma sayı: 303

Konfransda çıxış edən “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev, tanınmış vəkil Aslan İsmayılov, Demokratiya Monitorunun rəhbəri Fuad Həsənov ölkəmizdəki mülkiyyət hüquqlarının pozuntuları barədə bəzi statistik məlumatları toplantı iştirakçılarının nəzərinə çatdırdılar.

Vəkil Aslan İsmayılov tədbirin önəmi barədə məlumat verdi. Eynulla Fətullayev Zülfüqarlı qardaşlarının məsələsinə beynəlxalq təşkilatların reaksiyasının artdığını vurğuladı: “İlk dəfədir ki, sahibkarlar məhkəmələrdə həmrəylik nümayiş etdirərək hüquqları tapdanmış Zülfüqarlı qardaşlarının timsalında burada təmsil olunurlar. Biz Zülfüqarlı qardaşlarının işi ilə bağlı məhkəmələrdə monitorinq apardıq. Bütün işimizi hüquq müstəvidə təşkil etdik və ümid etdik ki, ədalət gec-tez öz yerini tapacaq. Bu problem rəmzi bir problemə çevrilməkdədir. Son biabırçı olay isə beynəlxalq təşkilatların gündəminə düşdü. Hər gün bizə həmin təşkilatlardan sorğular daxil olur. Müraciətlərdə qeyd olunur ki, necə olur günün günorta çağı idmançı görkəmində bir neçə nəfər hücum edərək başqasının əmlakını müsadirə etməyə çalışır. İki ay əvvəlki çıxışımda demişdim ki, Zülfüqarlı qardaşlarının məsələsində beynəlxalq təşkilatların təzyiqi artacaq. Beynəlxalq ictimaiyyət üçün Azərbaycanda mülkiyyət hüququ məsələsi ən vacib məsələlərdəndir.

ABŞ səfiri cənab Morninqstar da Azərbaycana gələrkən ilk çıxışında demişdi ki, hər şeydən öncə insanların mülkiyyət hüquqları qorunmalıdır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən sammitində ATƏT ölkələrində insan hüquqlarının qiymətləndirilməsi üzrə dinləmələr keçirildi. Orada da bu məsələ beynəlxalq təşkilatların gündəmində idi. Biz həmin sammitdən sonra qərara gəldik ki, Azərbaycan prezidenti İlham Əliyevə müraciət edək və müraciətdə bu problemi ətraflı şəkildə təsvir edək. Bunun çox ciddi əhəmiyyəti olacaq”.

E.Fətullayev qeyd etdi ki, sözügedən sammitdə çıxışları zamanı bir çox beynəlxalq təşkilat ölkə başçısı İ.Əliyevə ünvanlanmış müraciətə qoşulub: “Bu müraciətin əhəmiyyəti olduqca böyükdür. İlkin olaraq 44 beynəlxalq təşkilat bu müraciətə qoşularaq imza atıb. Bu siyahının davamı olacaq. Müraciətdə təkcə insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar qoşulmayıb”.

E.Fətullayev konfransa hesabat xarakterli çıxış da etdi. Fuad Həsənov isə çıxışında dedi ki, Zülfüqarlı qardaşlarının məsələsi ilə bağlı işi Varşava sammitinə daşımaqla beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini çeviriblər: “Həmin tədbirdə beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda insan haqlarının, xüsusilə mülkiyyət hüquqlarının qorunması ilə bağlı tez-tez sual verirdilər. Hesab edirəm ki, bu gündən sonra atılan bütün addımlar effektiv olacaq.

Azərbaycanda əksər QHT-lər öz fəaliyyətini milli donor institutları ilə formalaşdıra bilmirlər. Hesab edirəm ki, bu məsələdə Avropa Məhkəməsinə qədər beynəlxalq vəkillik müstəvisində müəyyən işlər görülməlidir. Bunun ciddi nəticəsi olacaq və bu proses Azərbaycanda hüququ pozulan digər sahibkarların problemimin həll olunmasında atılmış böyük bir addıma çevriləcək”.

Aslan İsmayılov qeyd etdi ki, Zülfüqarlı qardaşlarının məsələsi bütün hüququ proseslərdən keçirilib: “Bu hadisə göstərdi ki, Azərbaycanda hüquq yoxdur. Müstəqil mətbuata minnətdaram ki, bu məsələni daima gündəmdə saxladılar. Bu məsələdə birbaşa hakimiyyət günahkardır. Zülfüqarlı qardaşları ölkədə fəaliyyət göstərən yeganə sahibkarlardır ki, heç nədən qorxub çəkinmirlər”.

A.İsmayılov qeyd etdi ki, baş prokuror Zakir Qaralova, onun I müavini Rüstəm Usubova müraciət edərək bildirib ki, bu işlə bağlı bütün audi, video materiallar var: “Qalır hüquq-mühafizə orqanlarının bu məsələni düzgün şəkildə araşdırmaq və günahkarları cəzalandırmaq”.
Sonda prezidentə müraciət oxundu: “Hazırda Azərbaycanda hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin təşəkkül tapmasında və azad bazar iqtisadiyyatının qurulması prosesində nöqsanlar müşahidə olunur, müstəqil məhkəmənin fəaliyyəti ilə bağlı problemlər qalır. Belə şəraitdə mülkiyyətin qorunmasına təminat verən Azərbaycan Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 157.9-cu maddələri dövlət məmurları tərəfindən ciddi şəkildə tapdanır. Sosial sabitliyin və bazar iqtisadiyyatının əsasını mülkiyyətin toxunulmazlığı təşkil etdiyi üçün ölkə konstitusiyası mülkiyyəti toxunulmaz elan etməklə bərabər mülkiyyətin dövlət tərəfindən müdafiə olunmasına da təminat verir. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Lakin mülkiyyətin toxunulmazlığı ilə bağlı konstitusion öhdəliklərə rəğmən Zülfüqarlı qardaşlarının işindən göründüyü kimi Azərbaycanda mülkiyyət hüququnun müdafiəsi ilə bağlı ciddi problemlər var. İnanırıq ki, Zülfüqarlı qardaşlarının işində mülkiyyət hüququ ilə bağlı dövlət milli qanunlar və İnsan Haqları üzrə Avropa Konvensiyasında təsbit edilmiş öhdəlikləri pozmuşdur. Azərbaycan Konstitusiyasının 13-cü maddəsi xüsusi mülkiyyət hüququna, 29-cu maddə isə məhkəmə qərarından başqa vasitə ilə mülkiyyətin özgəninkiləşdirilə bilməyəcəyinə zəmanət verir. Buna zidd olaraq müstəqil sahibkarların əzilməsi ölkədəki investisiya mühitinə mənfi təsir göstərir. Artıq xarici və yerli investorların Azərbaycana yatırdığı kapital riskə məruz qala bilər.
Azərbaycan ATƏT-ə üzv ölkə kimi fundamental insan hüquq və azadlıqlarını təmin etmək barəsində üzərinə öhdəlik götürmüşdür. Zülfüqarlı qardaşlarının işində Avropa Konvensiyasının “Azadlıq və təhlükəsizlik hüququ”(maddə 5), “İşgəncənin qadağan edilməsi” (maddə 3), “Ədalətli mühakimə hüququ”(maddə 6), “Səmərəli hüquqi müdafiə vasitəsi hüququ” (maddə 13), habelə Fundamental hüquq və azadlıqların müdafiəsi üzrə Konvensiyanın Fakültativ Protokolunun (Paris, 20.03.1952) “Mülkiyyəti qorumaq hüququ” (maddə 1), Konvensiyanın 7 saylı protokolu (Strasburq, 22.11.1984), “Yanlış cəzaya görə kompensasiya” (maddə 3) tələbləri də ciddi şəkildə pozulmuşdur. Bu hal Azərbaycanın beynəlxalq imicinə kölgə salır”./musavat.com/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi