441 sahibkarla görüş keçirildi, 15 milyonluq güzəştli kredit istədilər

441-sahibkarla-gorus-kecirildi-15-milyonluq-guzestli-kredit-istediler
Oxunma sayı: 883

Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən sahibkarların fərdi qəbulu başa çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, 29-31 mart tarixlərində İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğu bildirib və artıq sahibkarlarla işlərə başlanılıb.

Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində ümumi sahəsi 30 min m2 olan 680-yə yaxın ticarət obyekti təklif olunub. Bu təkliflərə uyğun olaraq, 408 sahibkar ümumi sahəsi 12,4 min m2 olan ticarət obyektlərinə ehtiyacı barədə müraciət edib və bu istiqamətdə işlərə başlanılıb.

Zərərçəkmiş sahibkarlar müraciət etdiyi halda, əlavə qəbul təşkil ediləcək.