“5-ci mərtəbəyə neçə saniyəyə çıxıb düşərsiz?”- - Yeni oğurluq forması

5-ci-mertebeye-nece-saniyeye-cixib-dusersiz-
Oxunma sayı: 1483


“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

C.Hadıyev 3 uşağın mobil telefonu və planşetini əlindən alıb qaçmaqda ittiham olunur. C.Hadıyev isə özünü qismən təqsirli bilib.

Zərərçəkən 2001-ci il təvəllüdlü Orxan Rzazadə Əzizağa oğlu atasının iştirakının ilə ifadə verib. O bildirib ki, hadisə baş verən gün məktəbdən evə gəlirmiş: “Sinif yoldaşlarımla birlikdə evə gəlirdik. Yolda bir nəfər bizə yaxınlaşdı. Dedi ki, bəs bu binanın beşinci mərtəbəsinə neçə saniyəyə düşüb çıxarsız? Sonra dedi telefonunu ver mənə saata baxım, siz çıxıb düşün. Mən telefonumu ona vermədim, Yanımda məndən 2 yaş balaca bibimoğlu Cavid Süleymanov var idi. Telefonu ona verib sinifyoldaşımla binaya çıxdıq, aşağı düşəndə bibimoğlu dedi ki, o oğlan telefonu əlimdən alıb qaçdı. Qaçanda özünün “Samsung” telefonu yerə düşmüşdü, onu götürüb polisə verdik”.

O.Rzazadənin atası Əzizağa bildirib ki, oğluna bir neçə gün öncə 900 manata “İphone 5S” alıbmış. 

C.Hadıyevin vəkili Cavid Süleymanovun məhkəməyə gələrək ifadə verməsi haqda vəsatət verib. Hakimlər kollegiyası bildirib ki, əgər lazım olarsa, C.Süleymanov məhkəməyə gətiriləcək.

Bundan sonra digər zərərçəkən Alışanov İmdadi Alışan oğlu ifadə verib. O bildirib ki, 10 yaşlı oğlu Şahinin “iPad” markalı planşetini kimsə əlindən alıb qaçıb: “Axşam saat 6-da işdən evə gəlirdim. Gördüm oğlum həyətdə uşaqlarla oynayır. Planşeti də 4-5 gün əvvəl almışdım. Şahinə dedim ki, planşeti sındırarsan, ver evə aparım. Mən pilləkənlə evə qalxanda arxadan Şahin gəlib dedi ki, ata, planşet 1 dəqiqəlik lazımdı, ver, mən də verdim. Üstündə 5-10 dəqiqə keçəndən sonra Şahin gəlib dedi ki, planşet oğurlandı. Mən həyətə girəndə tanımadığım bir oğlan var idi, amma həmin adam bu deyildi”.

İ.Alışanov deyib ki, onun da oğlu eyni üsulla aldadılıb: “Həyətdəki yad adam Şahinə deyib ki, mən cüdoistəm, sizə cüdonu öyrədəcəyəm. Bunlara deyib ki, altıncı mərtəbəyə çıxıb düşün, mən də planşetdə saata baxım görüm neçə saniyəyə düşəcəksiz. Uşaqlar planşeti ona verib altıncı mərtəbəyə çıxıblar, həyətə düşəndə görüblər heç kim yoxdu”.

İ.Alışanov bildirib ki, polis bölməsində olarkən oğlu Şahin də, özü də planşeti oğurlayanın Ceyhun Hadıyev olmadığını deyib. O bildirib ki, artıq heç bir şikayəti yoxdur və planşetin də geri qaytarılmasını istəmir.

Bundan sonra təqsirləndirilən şəxs Ceyhun Hadıyev digər iki cinayəti törətmədiyini deyib: “Bunlar da deyir ki, mən olmamışam. İstintaq niyə mənə 180-cı maddəni yazıb?”

Dövlət ittihamçısı bildirib ki, əməlində zorakılıq əlamətləri olduğu üçün bu maddə üzrə təqsirləndirilir.

C.Hadıyev isə dövlət ittihamçısına digər cinayətləri zorla qəbul etdirdiklərini deyib: “Siz prokuror işçisisiz, Nəsimi polisində mənim yerimdə siz olsaydız, açılmayan bütün ölüm işlərini də boynunuza alardınız. Mən orada yerdə uzanılı yatırdım. Vəkilə deyirdim məni döyürlər, bunu denən. Deyirdi mən nəsə desəm özümü də tutacaqlar”.

Məhkəmə İ.Alışanovun oğlu Şahinin məhkəməsi gələrək ifadə verməsinə qərar verib.

Üçüncü zərərçəkən şəxs isə Nəriman İlyasov olub. O ifadəsində bildirib ki, 13 yaşlı oğlu Elmirin “iPhone” markalı telefonu əlindən alınıb: “Elmir həyətdə oynuyurmuş, evə gələndə bir nəfər yaxınlaşıb deyib ki, bu binaya neçə saniyəyə qalxıb düşərsən? Bu barədə danışıblar, sonra oğluma deyib ki, ver telefonda saata baxım, sən çıx, düş. Elmir də eyni formada həyətə düşəndə görüb ki, heç kim yoxdu. Telefonu 500 manata almışdım”.

Məhkəmənin növbəti iclası avqustun 26-a təyin olunub.

Murad Əhməd

“Qafqazinfo”