5-ci sinif şagirdi Rəşad Avropa Çempionatından qızılla qayıtdı - Video

5-ci sinif şagirdi Rəşad Avropa Çempionatından qızılla qayıtdı
Oxunma sayı: 2093

Bakının Nərimanov rayonundakı Məktəb Lisey Kompleksinin 5-ci sinif şagirdi Rəşad Mahmudov Şimali Makedoniyada keçirilən Karatenin şotokan növü üzrə Avropa çempionatından qızıl medalla qayıdıb. Bu il Dünya çempionatında və ötən il Batumidə erməni rəqibinə qalib gələrək qızıl medal qazanan Rəşad hər zaman uğurları ilə ölkəmizin bayrağını yüksəklərə qaldırıb.  

Balaca çempionun qalibiyyətilə bağlı təhsil aldığı məktəb-liseyin direktoru Məleykə Tağıyeva “Qafqazinfo”ya müsahibə verib. Direktor şagirdinin uğuruna hər zaman sevindiyini bildirib: “Biz məktəbimiz adına şagirdlərimizin hər bir uğuruna sevinirik. Bu, təkcə məktəbin uğuru deyil, düşünürəm ki, bu həm də ölkənin qalibiyyətidir. Nəzərə alsaq ki, Rəşad ötən il erməni rəqibinə də qalib gələrək qızıl medalla vətənə dönüb, bu, artıq millətçilik, vətənpərvərlik hisslərinin aşılanmasında olduqca böyük rol oynayır. Sözsüz ki, şagirdlərimizin uğuruna övladımız qədər sevinirik. Məktəb olaraq biz Rəşada dəstək olmuşuq, dərslərində, çempionata getdiyi vaxtlarda bütün köməkliyi göstərmişik. Əmin idik ki, Rəşad Avropa çempionatından da qələbə ilə qayıdacaq”. 

Çempionun məktəbdə necə qarşılanmasına gəlincə, direktor deyib ki, Rəşadla məktəbdə qarşılanma tədbiri olub: “Bu gün medalları, təltifnamaləri ilə məktəbə gəldi. Şagirdlərə qalibiyyəti haqqında danışdıq. Sinif yoldaşları sevinclə qarşıladılar. Rəşad çox səmimi şagirddir. Baxmayaraq ki, idmançıdır, amma şagird kimi çox mehriban, səmimidir. Ona görə də Rəşadın məktəbdə, sinifdə özünəməxsus yeri var”. 

Rəşadın məşqçisi, Dünya Şotokan Federasiyasının İdarə heyətinin üzvü, qurumun Azərbaycandakı rəhbəri, Dünya və Avropa çempionu Arif Məmmədov bildirib ki, Rəşad hər zaman bacarığı, çalışqanlığı ilə fərqlənib: “Bir neçə gün öncə Avropa birinciliyinin qalibi oldu. Həmçinin, bu ilin may ayında Buxarestdə dünya birincisi oldu. Baxmayaraq ki, sonuncu yarışda Rəşadın sol ayağında travma var idi. Buna baxmayaraq yarışda qalibiyyət əldə etdi”. 

A. Məmmədov onu da qeyd edib ki, noyabrın 29-30-u və dekabrın 1-də Bakıda Beynəlxalq turnir olacaq: “Hazırda Rəşad həmin yarışa hazırlaşır. Ümid edirik ki, həmən yarışda da qalib olar və hər kəsi sevindirər”.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi