5 milyon, 54 min, 455 nəfər

5-milyon-54-min-455-nefer
Oxunma sayı: 4055



MSK-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib, dairə seçki komissiyaları isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahıları bir daha dürüstləşdirilmiş və artıq bu irimiqyaslı prosesə yekun vurulub.

Mayın 29-da Mərkəzi Seçki Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olublar. Dəqiqləşdirmə aparılaraq DSK-lara qaytarılacaq seçici siyahılarının çap prosesi və saxlanma şəraiti ilə tanış olan Komissiya üzvlərinin və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. 

Sonra Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 
Qeyd edək ki, bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 5054455 nəfər seçicinin adı var ki, onların 48,21 faizi kişi, 51,79 faizi isə qadınlardır.