50 il öncə bu gün türk diplomatlar da öldürülüb...

50-il-once-bu-gun-turk-diplomatlar-da-oldurulub
Oxunma sayı: 5224

Məlum olduğu kimi, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədilib.

Əlində “Kalaşnikov” avtomatı olan şəxs səfirliyin binasına daxil olaraq diplomatik idarənin əməkdaşlarına atəş açıb. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov şəhid olub. Daha 2 əməkdaş isə yaralanıb. 

“Qafqazinfo” xəbər verir ki, bundan sonra sosial şəbəkələrdə 50 il öncə Türkiyənin Los-Ancelesdəki Baş Konsulluğunda törədilən terror aktı gündəmə gəlib. Buna səbəb isə silahlı hücumun eyni tarixdə baş verməsidir.

Belə ki, 1973-cü il yanvarın 27-də Türkiyənin Los-Ancelesdəki baş konsulu, 49 yaşlı Mehmet Baydar və 31 yaşlı konsul Bahadır Demir 78 yaşlı erməni terrorçu Qurgen Yanikyan tərəfindən öldürülüb. Bundan sonra o tutulub və ömürlük həbs cəzasına məhkum edilib. Lakin daha sonra, 1984-cü ildə Yanikyan əfv edilərək azadlığa çıxıb.

Q.Yanikyan 1970-1990-cı illərdə 40-dan çox türk diplomatı və onların ailə üzvlərini öldürəcək iki erməni terror təşkilatının - JCAG və ASALA-nın yaradılmasına ilham verib. Lakin Ermənistan onu və digər terrorçuları öz milli qəhrəmanları kimi vəsf edir.

Fotoda Qurgen Yanikyan