“Kapitalizmin qanunlarına uyğunlaşaraq bu gün öz üzərimdə çalışmaq məcburiyyətindəyəm. Bir ulduz olaraq saytlarla, proqramlarla məsafə qoyub gedəcəyim yerləri seçmək əvəzinə hansısa səviyyəsiz portala müsahibə verməliyəm, buna məcburam. İnsanlar məni unutmasın, gündəmdə olum deyə belə etməliyəm. Gündəmdə olmaq üçün hansısa həyasız aparıcının verilişində olmalıyam? Məni söyməlidirlər və mən də söyüşlə cavab verməliyəm. Gündəm budur?”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri uzun zamandır efirlərdən uzaq düşən İlqar Xəyal Murad Arifin “Popumuz var” yutub layihəsinə qonaq olarkən deyib. Sənətçi qeyd edib ki, gündəmdə olmaqdan xoşu gəlmir. O, üç övladından yalnız kiçik oğlunun musiqiçi olduğunu söyləyib:

“Teymur, Murad və Fuad adlı üç oğlum var. Böyük oğlum Fuadla daha çox nənəsi məşğul olub. Bəlkə də, bu mənada zəhmətkeş olmağı ona nənə-babadan keçib. Fuad mənim 25 yaşım olanda dünyaya gəlib. Adı da atamın adıdır. O illərdə nisbətən az diqqət yetirmişəm. Dubayda iqtisadiyyat sahəsində çalışır. Ortancıl oğlum Teymur musiqiçidir. Sənətdən uzaqlaşdırmıram, fəxr edirəm ki, klassik pianoçudur. Üçüncü oğlum Murad isə idmançıdır. Öz zəhmətimi onlara halal etmişəm. Mən özüm üçün yox, ailəm, övladlarım üçün yaşamışam”.

İ. Xəyal deyib ki, bir il depressiyada olub: “İndi 51 yaşım var. 50 yaşım girən andan bir il depressiyada oldum. Psixoloqlar yanına getdim, sakitləşdirici dərmanlar qəbul etdim. Ola bilsin ki, rəqəm məni sıxırdı. Hazırda psixoloji problemlərdən uzaqlaşmışam. Bunun üçün etdiyim səyahətlərə minnətdaram. Yeni mahnı, klip təqdim etməmişəm, öz canımla əlləşmişəm. Elə zaman olub ki, gecə anama zəng vurub vidalaşmışam. Elə bilmişəm ki, nəsə olacaq. Təzyiqimin 200-ə qalxdığı anlar olub”.

Son xəbərlər
Son Xəbərlər