“2019-cu ildə Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan aşkar edilib”
“Qafqazinfo” xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verib.
V. Gülməmmədov bildirib ki, bu da hər bir ayda orta hesabla 13,1 nöqsan deməkdir: “Əvvəlki illərlə müqayisədə nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsanların sayı isə 21,4 faiz azalıb. Nəticədə 2018- ci illə müqayisədə bir tədbirə düşən nöqsanın azalma faizi təqribən 3 faiz həcmində təşkil edib. Maliyyə və uyğunluq auditinin nəticələri göstərdi ki, əvvəlki illərdə olduğu kimi, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə, eləcə də mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntulardır.
Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsindən və dövlət əmlakının səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir. Hesabat ilində nəzarət tədbirlərinin nəticələri göstərdi ki,dövlət satınalmaları sahəsində ən çox rast gəlinən iki əsas məsələnin həlli ilə bağlı işlər davam etdirilməlidir. Birincisi, ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilməməsi və ya alınacaq malların həmin dövrə olan bazar qiymətindən baha olmasıdır. İkinci məsələ isə, dövlət satınalmalarında şəffaflığın və rəqabətin təmin edilməsiylə bağlıdır”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər