65 şərhin təfsiri

65-serhin-tefsiri-
Oxunma sayı: 1610


Müsəlmanın "o günü" "Qafqazinfo.az" saytı axırıncı kitabımdan bir şeri yayımlamışdı; hüqüqlarımızın arasında ən urvatsızı olan müəlliflik hüqüqünu vecinə almadan; yəni müəllifin "hərisinin" elçiliyini etmədən. Eybi yox. Nöşün ki, Aleksandr Düma demiş, yazılmamış “dedim-dedi”ləri yazılmış  qanunlardan ustün tutmaq xalqımızın köhnə adətidir. Sağ olsun, qarını güdaza verəndən sonra tumanbağını bərkidən saytın başqanı əzizimiz Elbrus bəy mesajla özünü yetirdi ki, bəs şerini saytda vermişik, qırğındı, demos Sokratı tələb edir. Sayta girəndə nə hansısa bir şerimin adına, nə də öz imzama rast gəldim, sadəcə, saytın alnının ortasına nallanmış əcnəbi "azad qadın" vücudunun yarıçılpaq sinəsinin görüntüsünü görüb fikirləşdim ki, yolüstü bir buna da baxım, day keçib. Od yağasan, tarı, sən demə, sinəsini qabağa vermiş bu zənən mənim köhnə şerimin yeni carçısı imiş və sayt rəhbərliyi sovet publisistikasının diliylə desək, zamanın tələbinə uyğun olaraq müəllifin poetik nisgilini oxucu zövqünün hay-həşirinə qurban verib. 

Gözümün işığını şerin altındakı ilk şərhdəki söyüşün yağına təzəcə batırmışdım ki, Elbrus bəyin poçt göyərçini ikinci məktubu gətirdi: "Müəlliflərin yayımlanan şərhlərə qadağa qoymaq hüququ var". 

Heç vaxt yazdığı yazıların taleyinə şəriklik etməyən müəlliflərdən biri olduğum üçün cavabım belə oldu: "Xalqın səsini boğmaq olmaz. Özümüz söz və fikir azadlığından dəm vurarkən, oxucuların bizim yazdığımız yazılara olan münasibətini yayımlamamaq, ən azı, ikiüzlülük olar. Kim azadlığı necə başa düşürsə, ona da layiq cəzasını alır". Hətta bu oxucu şərhlərini əl vurmadan bir yazı yazıb yenidən yayımlamaq fikrində olduğumu da bildirdim. İndi gəlin əvvəlcə o şərhlərə baxaq, sonra fikirlərimi bölüşəcəyəm. Şərhlərin müəlliflərinin adını şərti olaraq "oxucu" kimi qeyd edək ki, deyəcəklərimizi kimsə şəxsiləşdirib öz üstünə götürməsin. Şərhlərdəki üslub və orfoqrafik səhvlərinin məsuliyyəti müəlliflərə aiddir. 

"Ay Allah, düşüncəli, məntiqli şeirlər qalıb orda burda , gör bir necə şeiri oxudursuz camaata, bu şeirdi, hekayədi, qəzəldi, bəlkə deyəsiz nədi, həm bir adına bax.. vay-vay, nə gündəyik... guya nəsə yazıb daaa... biz anlamırıq..."

"Yaman təsirləndim ee, özümə gələ bilmirəm. Bu gədə yaman yazıb ha ağzına gələni))))"

"Pagillara arag icmeyen kiwi var? Bir faiz ola biler".

"Qardaw biz Nizamini oxuduq,Fizulini,Sabiri,Bextiyari,Semed Vurqunu oxuduq onlarin hansinda bu formada wer oxumusunuz.Amma bir iwde var da qardaw ozu yazibda ancaq araq gilledib veh gelib doweyib".

"Elzanın şerləri bundan daha mənalıdır.

Əgər buna şer demək olarsa...."

"felsefi ser isdiyirsize gedin ehmed qayaya qulaq asin".

"suya atdım daş, çıxardı bir ses " faş- faş",kafama vurunca biri gözümden geliyor yaş".

"Senan, dunya poeziyasından xeberi olan sensen? Burda komment yazirsan. Ya bu soz yigini dunya poeziyasindan numunedir? Camaati ozune guldurme. ))"

"Yalandan tərifləməyin, istedadı yoxdu.

Bunlar şeir deyil, söz yığınıdır".

"küçə düşüncələrini poema şeir adlandıran şairciklər.xərçəngnən çarpışır hələ də arağ belə getdi pivə belə gəldi deyir.Onnansa gününə ağlasın bu ateist şaircik".

"Derem kim olsa aqzina gozune geleni danisirda".

"MEN BIRDE BU SAYTA DAXIL OLSAM... BU NE BIABIRCILIQ IDI BELE!! ISTEDADLI SHAIR".

"Hiss olnur ki,araq girdirme olub".

"Bu bədbəxt şair deyil, nazimdir. Ozm də vecsiz bir nazimdir".

"Mende sair deye bilersen?Bax gor bu seirim necedi.

Sene deyim bizim evden

2 oglum 1 qizimdan

Heyetimizdeki viskadan

Dibinde yatan miskadan.

PS:Xosuna geldise ardin yazim?"

"sende get piveni ic üstünden rus arağın alkaşlığın et,burda gicgic axzına geleni yazma,seviyende yazdığından bilinir, intelek ne qanan meluqaa bir bax".

"Elzanın şerləri bunun yanında toya getməlidi".

"Bə bə bə bəh bəh bəh".

"eyer istedad budusa Elzani niye qiniyiriq. here aglina ne geldi yazir,oxuyur senin kimilerde el calirki istedaddi.eyer sen buna istedad deyirsense bunu coxlari bacarir".

"get qarnuvu qashi".

"Rus aragini bir yerde ichmisiz".

"Sen bir get Azerbaycan dilinde yazmagi oyren,sonra shrhleri muzakire ele.Sen de bunun kimi "shairsen".

"buna şair deyənin şairlərdən xəbəri yoxdu.bu şeir yazmir e söhbet edir))"

"Yaziq Anar neylesin.Elisi deli,Velisi deli..."

"Men Qafqazinfo saytini ciddi sayt sayirdim. Hec yarasmadi size bu xeberin ne ozu, ne sekli. Bu 3-4cu dereceli saytlarin movzusudu. Ne ise arada olur...."

"Yazığın olan qalan ağlı da gedib...İndi bundan sonra bu nə yazsa şer olacaq yəqin..."

"Bunu poxmel olanda yazib".

"Bu şerdə bir ağıllı söz var idisə o da"Sən gələndə mən canlı deyildim, adam deyildim" misrasıdır".

"Sözdə mənaya bax e, "Sənin çıxdığın" yer idim..."

"Yalnız sənin bədənin idi, mənim təkliyimin

maya dəyəri

Yalnız sənin bədənini ödəyib

Satın almaq olardı mənim təkliyimi

Öz mayasına satdım sənə təkliyimi"

Yaxşi ki,təkliyini bazar deyerine satmayib.. insafli olglanmiş..."

"yazmağa mövzü tapmırsanmı? Bu mövzuda yazdıqlarını ilk növbədə evdə yaxınlarına oxut, sonra yayınla".

"bu söz yığıntısına şerh yazmaga SÖZ tapa bilmedim :((("

"Elza Seyidcan yazan şerlərə oxşayır axı )".

"lap nənəmin ag- qara mıncıgi seirine oxshadi.."

"İndi bu sheirdir yoxsa yazı? Yazıdırsa fikirlərin uzlaşması hanı? Siz Allah bircə deməyin ki sheiridir. Kiminsə istedadını ashagilamaq istemirem. Amma bir mənə izah edin gorum bu yazılanların adı nədir? Bu qədər də etməyin də".

"Başa düşürsən nə yazırsan?"

"Bu birde Elza Seyidcahandan basqa butun sairler yalandi".

"Yüz faiz...elzadan oğurlanmış misralardı...müasir insana bənzərlər üçün ,şerə bənzər... söz yığını....bunu şer hesab etsəniz belə..bu normal təfəkkürə sığmayan hecaların ölüxanasıdır, ``Moorqudur``.

"Amma kişini öldürməyə başlayan bədənin döşləridır,döşlər olmazsa bədən elə ölü kimidir, döşsüz bədən cazibəsidir kimə lazımdır".

"Elzanın əsərləri bunun yzadıqlarının yanında poemadı...."

"Super deyib eee

Guya nəsə agıllı söz yazıb bu".

"Bu yenə araq içir????Bu dəfə heç bir hospital bunu Əzrayilin çəngindən ala bilməyəcək".

VƏ S.

Bəs deyirsiniz Azərbaycanda oxucu yoxdur! oxucu yoxdursa, kimdir bu adamlar? Əlbəttə, heç kim o başlığın, o çılpaq sinən altında şeir, özü də mənim kimi bir “vətən xaini”nin cızmaqarası olduğunu düşünərək açmayıb o linki. Amma bir cüt döş şəkli yeddi mindən artıq oxucuya öz azad bədii zövqünün və sovetdənqalma  ədəbi vicdanının müqəvvasını ortaya qoymaq fürsəti verdimi? Deməli, var oxucu!

Zövqlərini təmin etməyən müəllifləri lənətləyirlər, etiraz, qarğış edirlər, hədələyirlər, ölüm arzulayırlar. Təkidlə şairə şeri necə yazmağı, rəssama rəsmi necə çəkməyi, bəstəkara mahnını necə bəstələməyi öyrədirlər. Sənətə yaradıcı adamlardan daha çox əsəb, ağıl, vaxt xərcləyirlər. Bu adamların adi söyüşünün altında yatan əsəbindən beş-altı Bethoven çıxarmaq olar. Onların nifrəti dahiyanədir. Əslində, Azərbayan insanının nifrəti, kini daha səmimidir. Uzun illər əsarətdə yaşayan xalq olaraq onda nifrət hissi hissi-emosional hal olmaqdan uzaqlaşaraq, şüuraltı mədən zənginliyi çevrilib. Onun şübhəsi inamından daha dərindi. Azərbaycan poeziyasının, az qala, əcdadı sayılan “bəlkə”, “bəlkə də” kimi şübhə və güman bildirən ara sözlərini araya qoymayın. Xalqın dili onun DNT-sidir. Demək istədiyim odur ki, bizim bir xalq olaraq ilk gördüyümüz hər şeyə nifrət və şübhəyə yanaşmağımızın tarixi-dini-irsi kökləri var, bu bizim mövcudluq halımızdır. Buna görə mən öz oxucumun nifrətindən yox, sevgisində qorxmuşam həmişə. Həmişə iynə gözü boyda sevgi görəndə şübhələnmişəm ki, görəsən, harda, hansı günaha batmışam. 

Sovet imperiyasının yeritdiyi “sənət xalq üçündür” siyasəti bu siyasətə boyun əyən yaradıcı adamları sənətin ali dəyərlərindən uzaqlaşdırıb, xalqın adi dəyərlərinin nökərinə çevirmişdi. Ona görə də sovet yazıçısı ikiqat yaltaq olmağa məhkum idi; həm öz dövrünün siyasi hakimiyyətinə, həm öz dövrünün xalqına. Çünki çörəyi və azadlığı hakimiyyətdən asılı idi, sevgisi və hörməti xalqdan. Allaha şükür, indi nə hakimiyyətin kiminsə yaltaqlığına ehtiyacı var, nə xalqın kiminsə yaradıcılığına. İmperiya siyasəti dini dövlətdən ayırıb yerinə mədəniyyəti gətirmişdi. Yəni dinin dövlətdəki missiyasını mədəniyyətə həvalə etmişdi. Siyasi ansambl hansı havanı çalırdısa, mədəniyyət də o havanı oynayırdı. Müstəqillik dövründə artıq dövlətlə mədəniyyət arasında da sərhədlərin ilk dirəkləri basdırıldı. Dövlət dövlət üçün, sənət sənət üçün yaratmağa başladı. Dövlətin ali vəzifəsi xalqa xidmət olduğuna görə sərhədin o tayında elə də ciddi narazılıqlar olmadı. Amma sənət xalqa xidmət etməkdən boyun qaçırdı, siyasi məddahlıqdan imtina edib, özünün dünyəvi, ulu dəyərlərinə qayıtdı, çünki sənətin xalqın xidmətçisi olması ideyası keçmiş imperiya siyasətinə məxsus idi. Xalqla sənət arasındakı uçrum da bu zaman yaranmağa və dərinləşməyə başladı. 

Bu gün xalq sənətdən deyil, sənət xalqdan uzaqlaşıb. İndi şairlərin yox, şeirlərin tənhalıq dövrüdür. Söhbət məndən getmir. Mənim böyük ideyalarla, ideallarla əlləşən şairlərin nə ayaqqabısında gözüm var, nə də onların yerişində. Mən şerin özündən yox, meditasiyasından, yəni alt şüurun dibinə enmək cəhdlərindən zövq alan yol əhliyəm. Bu mənada şairliklə yox, dalğıclıqla məşğulam.  Xoşbəxtliyini tək, bədbəxtliyini hamıyla yaşayan hiyləgər adamlardan zəhləm getdiyi üçün öz meditasiyon həzzimi başqaları ilə paylaşmaq üçün şeir yazıram. "Sənət kimin üçündür" sualının cavabını mən də bilmirəm, amma onu dəqiq bilirəm ki, həqiqi sənət heç vaxt xalq üçün olmayıb. Sizi aldadıblar.