“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, ömrünün 26 ilini dəmir barmaqlıqlar arasında keçirən Lənkəran sakini cəmi 7 ay azadlıqda yaşaya bilib.
Həmin şəxs Gəncədə nə az nə çox düz 18 mağazadan oğurluq edib. Polis onun əməlindən zərərçəkənlərin sayının artacağını da istisna etmir.
Lənkəran sakini 48 yaşlı Xalıq Məmmədov fevralın 3-dən 4-nə keçən gecə Gəncə şəhərində Samir Həbliyevə məxsus mağazadan xeyli miqdarda nəğd pul və tütün məmulatları oğurlayıb. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Xalıq Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Onun ətrafında aparılan araşdırmalar zamanı müəyən edilib ki, bu, Məmmədovun Gəncədə ilk oğurluq əməli deyil. Buna qədər o, müxtəlif şəxslərə, ümumilikdə 20 min manat maddi ziyan vurub.
“Lənkəran sakini Məmmədov Xalıq Mahmud oğlu 2014 cü ilin iyul ayından başlayaraq 2015 ci ilin fevral ayınadək şəhərin müxtəlif ərazilərində 18 mağazadan oğurluq edib.
Əvvəllər eyni əmələ görə 5 dəfə məhkum olunan Xalıq Məmmədov ümumilikdə 26 il cəza çəkib. Əməlindən heç də peşman olmayan dırnaq arası qəhrəman oğurluq üçün yalnız mağaza seçməsini də özünəməxsus şəkildə dəyərləndirib”, - deyə, müstəntiq Amil Əliyev bildirib.
Saxlanılan şəxs hansı səbəbdən oğurluq etdiyini də söyləyib:
“Oğurluq mən də bir xəstəlikdir. Tutmasaydılar hələ çox oğurluqlar edəcəkdim. Mənim nə qədər pulum olsa da bu yoldan çəkinə bilmirəm. Yalnız mağazalara ona görə daxil olurdum ki onların sahibləri camaatı tərəzidə çox aldadırlar”, - deyə, saxlanılan Xalıq Məmmədov bildirib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq aparılır.
Son xəbərlər
Son Xəbərlər