7 yaşlı qızın döyülməsi araşdırılır - Rəsmi açıqlama

7-yasli-qizin-doyulmesi-arasdirilir
Oxunma sayı: 4125

Bakıda 7 yaşlı qızın atalığı və anası tərəfindən döyülməsi iddiaları ilə bağlı araşdırmaya başlanılıb. 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ona uşağın döyülməsi ilə bağlı məlumatı Xətai rayonu UPD Keşlə qəsəbəsində yaşayan ailənin qonşuları məlumat veriblər: “7 yaşlı qızın anası ilə atası ayrılıb, böyük övlad doğma atası ilə yaşayır. Bu qız isə anası ilə qalır və anası ailə qurub. Qonşular bildirir ki, artıq neçə aydır atalığı və anası 7 yaşlı uşağı döyür, şiddətə məruz qoyur. Bunu da ətrafda hamı bilib və heç bir addım atan olmayıb”.

K.Ağazadə bildirir ki, ona məlumat veriləndən sonra qonşuları sahə müvəkkilinə yönləndirib: “Polis əməkdaşı uşağın izahatını alıb və deyilənləri uşaq təsdiq edib. Daha sonra iş 37-ci Polis Bölməsində təhqiqata verilib. İşi aparan Aqil müəllim əvvəlcə mənə dedi ki, qonşular yalan danışır, heç bir döyülmə halı olmayıb. Məsələ ictimailəşdikdən sonra iş təhqiqatdan alınıb istintaqa verilib. Uşaq dərhal ailədən uzaqlaşdırılmalıdır”.

Birlik sədri qeyd edib ki, onun müraciətləri əsasında Xətai rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələ ilə bağlı araşdırma aparır.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müraciət əsasında araşdırma aparılır: “Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.

Murad Əhməd