Bir müddət əvvəl yeni dünyaya gələn əkiz övladlarını doğum evində atıb gedən Masallı sakinləri ilə bağlı yeni xəbər var.
“Qafqazinfo” xəbər verir ki, Şatıroba kənd sakini 79 yaşında ata olan Əliniyaz Nəzərov Nəsimi rayon 1 saylı körpələr evində saxlanılan uşaqlarını götürmək istəsə də, əkizləri ona verməyiblər. Körpələr evindən ona bildirilib ki, bunun üçün məhkəməyə müraciət etməlidir, məhkəmə qərarından sonra körpələri özü ilə apara bilər.
Əkizlərin saxlanıldığı körpələr evi ilə əlaqə saxlamağa çalışdıq, lakin baş həkimin iclasda olduğunu əsas gətirərək məsələyə münasibət bildirməkdən imtina etdilər.
Xatırladaq ki, Əliniyaz Əşrəf oğlu Nəzərov 3-cü nikahından dünyaya gələn körpələrindən imtina etməsini maddi vəziyyəti ilə əlaqələndirmişdi:
"Evdə 3 uşaq var, onları güclə saxlayıram. 150 manat pensiya alıram, dolana bilmirəm. 70 manat da yardım alıram, dolana bilmirəm".
Masallı rayon icra hakimiyyəti nümayəndələri hadisədən sonra ailə ilə görüşmüş və yenidən uşaqlarına sahib çıxmaq istəyərlərsə, onların körpələr evindən götürülməsinə və bundan sonra maddi təminatlarının yaxşılaşmasına lazımi dəstək verəcəklərini bildirmişdilər.