Milli Məclisin Gənclər və idman komitəsinə payız sessiyası ərzində daxil olan müraciətlərin əksəriyyəti işsizlik problemi ilə bağlı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə komitənin sədri Fuad Muradov məlumat verib. O, qeyd edib ki, daxil olan 83 məktubun 41-i iş müraciəti ilə bağlı olub:
“Qalan 9-u məişət, 4-ü abadlıq, sağlamlıq və səhiyyə ilə bağlı 7, idman üzrə 4, sosial təqaüdlərlə bağlı 8, maddi, kredit məsələləri ilə bağlı 8 müraciət daxil olub. Komitə tərəfindən ümumilikdə 78 vətəndaş qəbul olunub. Biz bundan sonra komitə iclaslarını rayonlarda keçirməyi planlaşdırırıq. “Gənclər siyasəti” haqqında qanuna da əlavə və dəyişikliklər də edilməsi nəzərdə tutulur. Gənclər günü ilə bağlı ictimai dinləmələr keçiriləcək. Yanvarın 28- də veloyürüş keçiriləcək. Eyni zamanda komitə tərəfindən maarifləndirmə işləri də davam edəcək” .
Millət vəkili Adil Əliyev təklif edib ki, kiksboksinq fedarasiyanın keçirdiyi tədbirlərə da yaz sessiyasının qanunvericilik işləri planına salınsın: “Cənab prezidentin idmanın kütləviləşməsi ilə bağlı göstərişi var. Ona görə də biz futbolla yanaşı əlbəyaxa döyüş idmanlarının da inkişafına nail olmalıyıq. Çünki səngərdə daha çox əlbəyaxa idman növləri üzrə idmançılara ehtiyac var”.
Millət vəkili Kamran Nəbizadə isə gənc alimlərinin problemləri ilə bağlı məsələnin diqqətdə saxlanılmasını təklif edib.
Millət vəkili Rauf Əliyev isə futbol sahəsində idmançının ilk məşqçisinə onun gəlirlərindən müəyyən vəsait ödənilməsi ilə bağlı məsələnin “İdman haqqında” qanuna salınmasını təklif edib. O qeyd edib ki, bununla bağlı qərar AFFA İcraiyyə Komitəsində var: “Belə ki, futbolçunun ilk məşqçisinə 70 faiz ödənilir. Bu qanuna salınsa da yaxşı olar. İlk məşqçilərə transfer məbləğinin müəyyən hissəsi ödənilməlidir. Bu, onların fəaliyyəti üçün stimul olacaq”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər