“Qafqazinfo” türkel TV-yə istinadən xəbər verir ki, Tovuzda “Semzavod” qəsəbəsində məskunlaşan 85 ailə Neft Fondunun dəstəyi ilə tikilən yeni binalara köçürülür. Prosesin obyektiv və düzgün həyata keçirilməsi üçün qəsəbə sakinləri və komissiya üzvləri ilə birgə püşkatma oldu.
Qəsəbə sakiniƏdalət Hüseynov: “Uzun müddətdir ki, biz köhnə binalarda yaşayırdıq. Sovetdən qalma BARAK deyilən binalardır. İndi çox sag olsun, hökumətimiz, prezidentimiz ki, bugünkü gündə bizə iki dənə 5 mərtəbəli bina tikibdir və tam şəraitli bizə evlər vermək istəyirlər. Ona görə sevincimizin həddi hüdudu yoxdur”.
Püşkatmadan sonra ailələrin yaşayacağı mənzillər müəyyənləşdi. Yeni tikilən iki 5 mərtəbəli binalardan biri 2 otaqlı, digəri isə 3 otaqlı mənzillərdən ibarətdir. Qeyd edək ki, yeni binalar elə sakinlərin qəzalı vəziyyətdə yaşadığı mənzillərin yaxınlığındadır.
Qəsəbə sakini Fəridə İsgəndərova: “Biz burda 20 ilə yaxındır yaşayırıq. Bura nənəmin evidir, daha doğrusu hardasa 70-ci illərdən yaşayırıq. Yoldaşımla mən 20 ildir yaşayırıq. Ailədə 6 nəfərik. Bizə 3 otaqlı mənzil verəcəklər”.
Qəsəbə sakini Sürayə Bayramova: “Deyiblər bizim külfətimiz çoxdur, nə bilim, 3 otaqlı verəcəklər”.
Uzunillərdir kommunal şəraitləri yaxşı olmayan, qəzalı evlərdə yaşayan bu sakinlərin də rahat mənzilləri olacaq. 2012-ci ildən inşasına başlanan binalarda son işlər də artıq yekunlaşıb. Bir neçə gün sonra mənzillərin açarları öz sahiblərinə çatacaq.