“86 milyon manat ödənilib”

86-milyon-manat-odenilib
Oxunma sayı: 663

Onun 156 mini üzrə isə 86,0 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilib. “Qafqazinfo”nun məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yarana biləcək mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə xüsusi idarələrarası komissiya yaradılıb, əmanətçiləri ən çox maraqlandıran məsələlər müəyyənləşdirilərək bu istiqamətdə geniş məlumatlandırma və təbliğat işləri aparılır.

Nazir onu da deyib ki, son 6 ayda Respublika Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 74 nəfər hərbi qulluqçuya Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Abşeron, Sumqayıt, Gəncə, Naxçıvan, İsmayıllı, Mingəçevir, Lənkəran və digər rayon və şəhərlərdə dövlət vəsaiti hesabına mənzillər təqdim edilib. Daha 178 nəfər hərbi qulluqçuya mənzil verilməsi ilə bağlı qərarlar qəbul edilib.

Maliyyə naziri onu da deyib ki, bu ilin altı ayında dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə 61 milyon, kənd təsərrüfatı məhsulları istehsalçılarına 35 milyon, damazlıq heyvanların alınmasına 10 milyon, lizinq xidmətlərinə 33 milyon, fermerlərə kreditlərin verilməsinə 8 milyon, sahibkarlığın inkişafına 110 milyon manat vəsait yönəldilib: “Bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstəklənən investisiya layihələrinin sayı ötən illə müqayisədə 57,1 faiz, verilən güzəştli kreditlərin məbləği isə 53 faiz artıb. Azərbaycanda sığorta bazarının məcmu aktivləri iki dəfə, sığorta şirkətlərinin məcmu nizamnamə kapitalı isə 3,3 dəfə çoxalıb.

2012-ci il dövlət büdcəsinin xərclərində formalaşan əlavə vəsaitin çox hissəsi ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində törətdiyi irimiqyaslı fəlakətin nəticələrinin, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılmasına, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınmasına və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlığın alınmasına yönəldilib”.

S. Şərifov onu da vurğulayıb ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq 2013-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanılıb.

Nigar Məmmədli