“9 ildən sonra Azərbaycana bu səfəri müsbət qarşılayırıq” - Yenilənib

9-ilden-sonra-azerbaycana-bu-seferi-musbet-qarsilayiriq
Oxunma sayı: 3361

“Bu gün 9 illik fasilədən sonra Avropa İttifaqının nin ali nümayəndəsinin Azərbaycana səfərini çox müsbət qarşılayırıq və hesab edirik ki, bu Aİ-Azərbaycan əməkdaşlığı, münasibətlərimizin mövcud durumu və gələcək perspektivləri baxımından çox önəmli imkandır”.

“Qafqazinfo” xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün Aİ əsas ticarət tərəfdaşıdır: “2024-cü ilin yekunlarına görə, Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 20 milyard ABŞ dolları təşkil edib. Azərbaycan uzun illər Aİ üçün bir sıra istiqamətlər üzrə etibarlı və hər zaman proqnozlaşdırılan bilən tərəfdaş olub. Bunlar sırasında ilk olaraq enerji sahəsində əməkdaşlığı qeyd etmək olar. Ölkəmiz uzun illər ərzində Aİ ölkələri üçün etibarlı xam neft təchizatçısı olub”.

***

C. Bayramov Azərbaycan-Ermənistan münasibətlərindən də danışıb: “Avropa İttifaqından olan həmkarlar Azərbaycanın mövqeyini yaxşı bilirlər. Bu mövqe yeni deyil, bu iki ildən artıq müddət ərzində masa üzərində olan mövqedir və bunlar sırasında ilk olaraq Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı olan iddiaların Konstitusiyaya müvafiq dəyişiklik edilməsi yolu ilə aradan götürülməsi tələbi və gözləntisi, eyni zamanda artıq heç bir funksional əhəmiyyət daşımayan Minsk prosesinə aid olan strukturların ləğv edilməsi məsələdir. Bu istiqamətdə hazırda Ermənistandan müvafiq addımların atılması gözlənilir”.

Onun sözlərinə görə, Ermənistanın sürətlə silahlanması əfsuslar olsun ki, təhdid mənbəyi olaraq qalır.

“Ermənistanda revanşist meyillərə gəldikdə isə, son iki gün ərzində baş vermiş hadisəyə də diqqət yetirmək istərdim. Onlardan biri iki gün öncə Ermənistan paytaxtında növbəti kütləvi yürüş zamanı Azərbaycan və Türkiyəyə qarşı səslənən nifrət dolu çağırışlar, ittihamlar, iki ölkə bayrağının yandırılması kimi tamamilə qəbuledilməz hərəkətlərdir. Əfsuslar olsun ki, eyni hərəkət daha kiçik miqyasda dünən Fransanın paytaxtında baş verib”, - deyə nazir qeyd edib. 

Günel İbrahimova