“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, Yevlax rayonunun Aran 1 qəsəbəsində yaşayan Əvəz Əli oğlu Əliyevə məxsus həyətyanı evdə yanğın baş verib. Bu zaman onun 6 aylıq nəvəsi də evdə olub. Evin yandığını ilk olaraq qonşular görüblər. Əvəz Əliyevin həyat yoldaşı, 1958-ci il təvəllüdlü Ayna Bəhman qızı Əliyeva hadisədən su gətirəndə xəbər tutub. O, tez özünü çatdıraraq, körpəni evdən çıxarıb.
Ayna Əliyeva - ev sahibəsi hadisə barədə danışıb:
“Vallah mən sudan gəlirdim, elə onu gördüm ki, evim yandı”.
Yeganə İsayeva- qonşu yanğının belə şahidi olub:
“O sudaydı mən gəldim ki, evin başı alışıb yanır. Evdə nə var idisə bu ailənin pulu, qızılı hamısı yandı kül oldu”.
Yanğın zamanı 5 otaqlı evin tavan və çardağının yanar konstruksiyaları, ev əşyaları tamamilə yanıb. Onların içərisində kreditlə alınan məişət əşyaları və cehizlər də olub. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun ətrafdakı tikililərə keçməsinin qarşısını alıblar. Qeyd edək ki, yanan evdə ailənin 9 üzvü yaşayırdı. Başqa yerdə evləri olmayan və yanan mənzillərini təmir etdirməyə imkanlarının olmadığını deyən ailə müvafiq qurumlardan kömək istəyir.
Son xəbərlər
Son Xəbərlər