93 min şəhid ailəsi və qaziyə sosial ödəniş təyin edilib

93-min-sehid-ailesi-ve-qaziye-sosial-odenis-teyin-edilib
Oxunma sayı: 1555

"Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinin, yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərin sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanıb".

"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələri və qazilərin sosial  ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd olunub ki, şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsində yaralanmış və müalicə bitdikdən sonra əlillik təyin edilmiş hərbi qulluqçulara onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət)  təyin olunub.

"Müharibə veteranı" adı verilmiş şəxslərə də 2022-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdünün təyinatı prosesi proaktiv qaydada həyata keçirilərək yekunlaşdırılıb.

Beləliklə, postmüharibə dövründə şəhid ailələrinin üzvləri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb.

2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60% artırılıb.

Postmüharibə dövründə Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü, Vətən müharibəsinin veteranlarına Prezidentin aylıq təqaüdü təsis olunub.

H.Məmişov son 4 ildə köklü sosial islahatlar çərçivəsində şəhid ailələri və müharibə əlillərinin sosial ödənişlərində də ciddi artımlar olduğunu vurğulayıb, jurnalistlərin suallarını cavablandırıb.