Abel Məhərrəmov Rusiyada toplantıya qatıldı

abel-meherremov-rusiyada-toplantiya-qatildi
Oxunma sayı: 1066

Rusiya Federasiyasının Petr Velikiy adına Sankt-Peterburq Politexnik Universitetində Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, iclasda Bakı Dövlət Universitetinin (BDU) rektoru, Assosiasiyanın vitse-prezidenti Abel Məhərrəmov da iştirak edib. Tədbirdə çıxış edən A. Məhərrəmov iclasın əlamətdar bir tarixdə - Rusiya Rektorlar İttifaqının XI qurultayı günündə keçirilməsini yüksək dəyərləndirib. O, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı, o cümlədən yubileyin UNESCO-nun dəstəyi ilə Parisdə qeyd olunacağı barədə məlumat verib. AUA-nın 2019-cu il qurultayına aid tədbirlər siyahısına BDU-nun 100 illiyinə həsr olunmuş tədbirin salınmasının Müsəlman Şərqində ilk klassik universitetin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olduğunu söyləyib. 

Akademik Abel Məhərrəmov çıxışında birgə tədqiqat və təhsil proqramlarının maliyyələşdirilməsi və həyata keçirilməsi məqsədi ilə Avrasiya Assosiasiyası Universitetlərinin fondunun yaradılması, Assosiasiyaya daxil olan universitetlərin tələbələri üçün “Avrasiya təqaüdü”nün təsis edilməsi, universitlərin tədris-təcrübə mərkəzlərində yay məktəblərinin təşkili, BDU-nun Qazax filialının Assosiasiyaya üzv qəbul edilməsi kimi konkret təkliflərlə çıxış edib. 

Qeyd edək ki, həmin gün Petr Velikiy adına Sankt-Peterburq Politexnik Universitetində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Rusiya Rektorlar İttifaqının XI qurultayı keçirilib. MDB ölkələrinin universitet rəhbərlərinin, eləcə də tanınmış alimlərin, ictimai-siyasi xadimlərin qatıldığı qurultayda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da iştirak edib.