Abidə Menecerləri Forumunun iclası oldu - Fotolar

abide-menecerleri-forumunun-iclasi-oldu
Oxunma sayı: 760

Bu gün Abidə Menecerləri Forumu öz işini Gənc Peşəkarlar Forumu ilə birgə iclas şəklində davam etdirib.

“Qafqazinfo” xəbər verir ki, iclası Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə açıq elan edib. UNESCO Dünya İrs Mərkəzinin direktoru Mextild Rossleri və forum iştirakçılarını salamlayan şöbə müdiri iclasın işinə uğurlar arzulayıb.

İclasda ilk olaraq Mextild Rossler “Dünya mədəni irsinin mədəni mənzərələri və inteqrasiya olunmuş mühafizə təcrübələri”  mövzusunda təqdimatla çıxış edib.

Mədəni mənzərələrin Dünya irsinin ayrılmaz hissəsi olduğunu, bura insan və təbiətin yaratdığı əsrarəngiz irs nümunələrinin daxil edildiyini diqqətə çatdıran M.Rossler deyib ki, dünya irsinin qorunması məqsədləri insanlar arasında qarşılıqlı əlaqələrin müxtəlifliyini əhatə edir. Mədəni landşaftların qorunması davamlı müasir metodlara kömək edə, landşaftdakı təbii dəyərləri qoruyub saxlaya bilər. Mədəni mənzərələrin müdafiəsi bioloji müxtəlifliyin qorunmasında da faydalıdır.

İclasda çıxış edən Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları Bakıda görməyindən məmnun olduğunu bildirib, iki forumun birgə iclasını yüksək dəyərləndirib:

“Belə bir tədbirə ev sahibliyi etdiyimiz üçün çox şadıq. Forum çərçivəsində gənclərin qarşılıqlı fikir mübadiləsi reallaşır və bu sahəyə yeni innovativ baxışlar yaranır. Biz həmçinin məmnunuq ki, qonaqlar Azərbaycanın tarixi məkanlarına səfər edərək bu məkanların qorunma sistemi ilə tanış olurlar”.

Daha sonra birgə iclas tematik mövzularda qrup işləri ilə davam edib.

Qeyd edək ki, iyulun 4-dək davam edəcək Abidə Menecerləri Forumu Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESCO-nun Dünya İrs Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı keçirilir.