“ABŞ buna görə məsuliyyət daşıyır”

abs-buna-gore-mesuliyyet-dasiyir
Oxunma sayı: 1534

Qərb dövlətləri tərəfindən Azərbaycan əleyhinə dezinformasiya nə qədər çox yayılarsa, Ermənistanda da revanşizmin səviyyəsi bir o qədər artır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim həftəlik “Newsweek” jurnalındakı məqaləsində yazıb.

Onun sözlərinə görə, bu gün Ermənistanda müntəzəm olaraq hərbi təlimlər keçirilir, Qərb dövlətləri tərəfindən ona ağır silahlar verilir, ABŞ siyasətçiləri isə revanşist əhvali-ruhiyyəni dəstəkləyir.

Bundan başqa, səfir, Qərb KİV-lərində Azərbaycanla bağlı dezinformasiyaların geniş yayılmasından və bununla da sülh prosesinə xələl gətirilməsindən şikayətlənib.

“ABŞ, Fransa və digər ölkələrdəki anti-Azərbaycan elita dezinformasiya səylərini Ermənistanın hərbiləşdirmək cəhdləri ilə nə qədər çox birləşdirirsə, revanşizm də bir o qədər bu ölkədə dərin kök salır. Mən Ermənistan diplomatlarının getdikcə daha çox davakar bəyanatlarını görürəm. Onlar xüsusilə ABŞ-dəki həmfikirləri tərəfindən məmnuniyyətlə dəstəklənirlər”, - o bildirib.

Səfir vurğulayıb ki, amerikalı diplomatlar sülh siyasətini qurmağa çalışsalar da, onların səyləri erməni cəmiyyətində revanşist əhvali-ruhiyyəni dəstəkləyən həmkarları tərəfindən heçə endirilir.

X.İbrahim xatırladıb ki, Azərbaycan regionda ədalətli və dayanıqlı sülhə nail olmağa çalışır. Onun sözlərinə görə, Ermənistanla fəal şəkildə davam edən sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olub və artıq irəliləyiş əldə olunub.

“1991-ci ildə SSRİ dağıldıqdan sonra ilk dəfə olaraq iki ölkə bəzi beynəlxalq məsələlərdə bir-birini dəstəkləyib və sərhədlərin delimitasiyası danışıqlarında irəliləyiş əldə edib”, - o bildirib.

Səfir qeyd edib ki, Azərbaycanın səylərinə baxmayaraq, Qərb dövlətləri Cənubi Qafqaz regionunda vəziyyəti müsəlman və xristian dünyaları arasında sivilizasiya qarşıdurması kimi təqdim etməyə çalışırlar:

“Reallıqda isə hər şey tamamilə fərqlidir. Azərbaycanda bütün dinlər və etnik qruplar bir arada xoşbəxt yaşayırlar. Ancaq eyni şeyi Azərbaycanı sərt şəkildə tənqid edənlər haqqında demək olmaz. Onların şəhərləri islamofobiya, antisemitizm və nifrətlə doludur”.

Diplomat vurğulayıb ki, ABŞ beynəlxalq hüquqa əsaslanan nizam-intizamın təşviqinə görə məsuliyyət daşıyır və hüquq pozuntusu presedentləri təkcə Cənubi Qafqaz regionuna deyil, dünyaya zərər vurur.