ABŞ-da Azərbaycandakı vəziyyət müzakirə edildi + - Video

abs-da-azerbaycandaki-veziyyet-muzakire-edildi-
Oxunma sayı: 2556



“Qafqazinfo” xəbər verir ki, komissiyasının sədri, senator Benjamin Cardinin sədrliyi ilə keçirilən dinləmələrdə ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiiyyat  və insan haqları aspektləri müzakirə olunub. Senator Ben Kardin çıxışında bildirib ki, Azərbaycan ABŞ-nın strateji müttəfiqidir. Təhlükəsizlik sahəsində ABŞ hərbi qüvvələri ilə birgə Azərbaycan hərbiçiləri Əfqanıstanda xidmət edir: “BMT Baş Assambleyasının sessiyasında Ukraynanın ərazi bütövlüyünü dəstəklənməsinə dair səsvermədə ABŞ-ın mövqeyini dəstəkləmiş bir ölkədir. İqtisadi baxımdan zəngin olan Azərbaycan neft sektorunda önəmli ölkədir. Həmçinin, mineral ehtiyatların hasilatı (EITI) üzrə sənaye sahələrindən əldə olunan gəlirlərin şəffaf idarə edilməsində Azərbaycan ilk ölkələrdən birinə çevrilib.
 
Ukrayna hadisələri ilə yanaşı Azərbaycana səfərimiz zamanı dondurulmuş münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi haqda müzakirələr aparmaq gündəmimizdədir”.
 
O qeyd edib ki, ABŞ, Fransa və Rusiya rəhbərliyi arasında bu münaqişənin həllinin təxirəsalınmaz prioritetlər arasına salmaq niyyətindədir. Regionda indiki vəziyyəti nəzərə alaraq bu münaqişədə irəliləyiş bütün regionda sabitliyə mühüm təsir göstərə bilər və buna görə bu münaqişənin həllinin prioritetlər sırasında daxil edilməsinə çağırıb. Enerji sektorunda Azərbaycan EITI (Extractive İndustries Transparencyİnitiative) qoşulan ilk ölkələrdən olub. Azərbaycan ABŞ-ın regionda mühüm müttəfiqlərindən olan İsrail ilə çox konstruktiv münasibətlərə malikdir. 

Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin isə çıxışında bildirib ki, Azərbaycan ilə əməkdaşlıq ABŞ üçün çox önəmlidir: “İyirmi ildən çoxdur demokratik, firavan və təhlükəsiz cəmiyyətin qurulması üçün ABŞ Azərbaycanla birgə səylər göstərir: “Azərbaycan NATO və ABŞ-ın Kabuldan Kosovoyadək əsas müttəfiqlərindən biri olub. Hazırda Azərbaycanın 94 nəfərdən ibarət hərbi birləşməsi Əfqanıstanda xidmət göstərir və 2014-cü ildən sonra da orada xidmətlərini davam etdirmək niyyətindədirlər. Azərbaycan Şimal Təchizat Şəbəkəsində (NDN) əsas bağlayıcıdır. Əfqanıstan ərazisinə və oradan da qeyri-hərbi yüklər Azərbaycanın hava məkanı vasitəsi ilə daşınılır.Xəzər dənizinin təhlükəsizliyinin gücləndirilməsi, terrorçuluğa qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və dəniz domen məlumatlandırma sistemi ABŞ-ın Azərbaycana göstərdiyi əsas yardımlar siyahısında prioritet olmağa davam edir.
 
ABŞ Azərbaycan ilə iqtisadi sahədə artan əlaqələrinə, xüsusilə enerji sahəsində əməkdaşlığının inkişaf etməsi ilə bağlı məmnunluq hissi keçirir. Azərbaycanın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyindəki rolu çox önəmlidir.
 
Ölkələrimiz arasında əməkdaşlıq əsas üç istiqamət üzrə inkişaf edəcək: 
a) təhlükəsizlik; 
b) iqtisadi və enerji; 
c) demokratik inkişaf” 

Ukraynaya münasibətdə müdafiə etdiyimiz ərazi bütövlüyü prinsipi regionun bütün ölkələrinə şamil edilir. Azərbaycan çox təhlükəli regionda, Rusiya ilə İran arasında yerləşir, və ABŞ Azərbaycan Hökuməti ilə onun ərazi bütövlüyü və müstəqilliyini müdafiə etmək qabiliyyətinin güclənməsi üzrə işləyirik"

O, həmçinin əlavə edib ki, Azərbaycan-İsrail münasibətləri nümunəvidir, hər iki ölkənin təhlükəsizlik və iqtisadi sahədə faydalı əməkdaşlıq və regionda sabitlik mənbəyidir. Bu əlaqələr terrorçuluğa qarşı mübarizə baxımından da çox mühüm rol oynayıb və biz bunu yüksək qiymətləndiririk: “Azərbaycanın vacib əhəmiyyətli olduğunu bir daha təsdiqləyirik, eyni zamanda Əfqanıstan və enerji sahəsində Azərbaycanın oynadığı rolu qeyd etmək vacibdir. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsi bizim üçün yüksək prioritetdir”.
 
Hayfa universitetinin professoru Brenda Şeyfer isə bildirib ki, Azərbaycan Rusiya, İran və Türkiyə ilə sərhəddə yerləşən strateji baxımdanəhəmiyyətli ölkədir. Azərbaycan müstəqillik dövründə demək olar hər bir əhəmiyyətli məsələdə ABŞ-ın müttəfiqi olub. Ən son olaraq, Azərbaycan Rusiya ilə sərhəddə yerləşdiyi halda, BMT Baş Assambleyasında ABŞ ilə birgə Rusiyanın Krımı ilhaq etməsinin əleyhinə səs verib. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olmasına baxmayaraq, dünyəvi bir dövlət qurmuş, eyni zamanda dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarına qoruyur. Ölkədə dini azadlıqların təmin olunması ilə yanaşı, dində azadlıq vardır və heç kimə dini təzyiq yoxdur: “Azərbaycanın strateji seçimi ABŞ və Avropa yönümlü siyasətdir. 

Lakin Azərbaycan yerləşdiyi regionun ehtiva etdiyi məhdudiyyətləri də öz xarici siyasətində nəzərə almağa çalışır. Azərbaycan ABŞ-la yaxından əməkdaşlıq etməklə yanaşı, İran və Rusiya kimi region dövlətlərini də çox qıcıqlandırmamağa çalışır. Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına sahibdir və bu ehtiyatların Qərbə ixrac edilməsi xarici siyasətin əsas istiqamətlərindən biri olub.
2013-cü ilin dekabrın Azərbaycan qazını Avropaya ixrac edəcək Cənubi Qaz Dəhlizi ilə yekun investisiya qərarları elan edilib.

Azərbaycan öz təbii qazını daha sərfəli şərtlərlə Rusiya və İrana sata biləcəyi halda, bu ölkələrdən asılılığını azaltmaq üçün Cənubi Qaz Dəhlizi layihəsinə üstünlük verib. Dağlıq Qarabağ münaqişəsinin həll olunması xarici siyasətin qarşısında duran əsas məqsəd olub. Bu münaqişənin nəticəsində Azərbaycanın ərazisinin təxminən 20%-i Ermənistan tərəfindən işğal edilmiş və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub.
 
Rusiya Azərbaycanın ABŞ və Avropa ilə əməkdaşlığını məhdudlaşdırmağa çalışır. Vaşinqton Azərbaycanın strateji əhəmiyyətini qəbul etsə də, bir sıra hallarda atılan addımlar bu mövqe ilə ziddiyyət təşkil edib. Məsələn, ABŞ Dağlıq Qarabağı və ətraf 7 rayonu Azərbaycan ərazisi kimi tanısa da, Konqres 1992-ci ildən bəri Azərbaycana münasibətdə sanksiyaları qüvvədə saxlamış, illik əsasda Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı göstərib.
 
Azərbaycanın daim ABŞ-ın yanında olmasına baxmayaraq, ölkə ABŞ tərəfindən layiqincə qiymətləndirilmir. Halbuki yaxın müttəfiq münasibətlərinə görə Azərbaycan daha çox təqdir olunmalıdır.
 
Ukraynadakı son hadisələr göstərib ki, Krımın ilhaq olunması sadəcə bir mexaniki proses olaraq həyata keçirilməyib və ilk öncə bunun üçün zəmin hazırlanıb. Belə ki, ilhaq prosesində iştirak edən yerli özünüidarəetmə və hüquq mühafizə orqanlarında iştirak edən bir sıra şəxslər və qurumlarla xarici dövlət tərəfindən Ukrayna dövlətçiliyinə qarşı əvvəlcədən planlı iş aparıldığı görülüb.
 
Təcrübə göstərir ki, Rusiya qonşu dövlətlərdə öz nüfuzunu artırmaq üçün hərbi gücdən (Ukrayna və Gürcüstanda), seçki prosesində Rusiya
vətəndaşlarından (Azərbaycan, Gürcüstan və Latviyada) və separatçı təşkilatlardan (Moldova, Ukrayna, Gürcüstan və Azərbaycanda) istifadə kimi müxtəlif metodlara əl atır. Belə olan halda, ABŞ region dövlətləri ilə, o cümlədən Azərbaycan ilə əlaqə qurarkən regionun dinamikasını nəzərə almalıdır”.
 
Senator Rocer Uiker isə Əfqanıstanla bağlı azərbaycanlılar qarşısında onların yardımına görə baş əydiklərini vurğulayıb.

Amerikanın Səsi Radiosunun xəbərinə görə isə, ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia ReAL hərəkatının sədri ilqar Məmmədov, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və bir sıra başqa siyasi fəalların həbsini dinləmə iştirakçılarının diqqətinə çatdırıb, ölkədə insan haqlarının pisləşdiyini deyib. Onun sözlərinə görə pisləşmə tendensiyası Emin Milli və Adnan Hacızadənin 2009-cu ildəki həbsindən sonra vüsət alıb. “ABŞ öz tərəfdaşından insan haqlarına bu cür münasibət gözləmir,” deyə Melia Azərbaycan rəsmilərinin müxalifət və sivil cəmiyyət liderlərinin ölkədən gediş-gəlişinə qoyduğu qadağalara diqqət çəkib.  Bu xüsusda o, AXCP sədri Əli Kərimliyə pasport verilməməsini tənqid edib.

Azərbaycanda sabitliyin yalnız insan haqlarına hörmətə əsaslana biləcəyini vurğulayan Tomas Melia rəsmi Bakını 20-ci əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik siyasi irsini davam etdirməyə çağırıb.